Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli "Gürcüstan" qəzetinə yeni redaktor təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Gürcüstan" qəzetinin redaktoru vəzifəsində işləyən Süleyman Süleymanov vəfat etdikdən sonra redaktor yeri vakant olaraq qalırdı. Bu günlərdə isə həmin vəzifəyə qəzetdə redaktor müavini vəzifəsində çalışan İslam Hacı oğlu Əliyev məsləhət görülüb.
Qeyd edək ki, "Gürcüstan" qəzeti 1921-ci nəşr olunur . Qəzet azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yayımlanır.
Qəzetin yeni təyin olunan redaktoru İslam Əliyev 1947-ci ilin iyunun 1-də Marneuli rayonunun Ambarovka kəndində anadan olub. 1970-ci ildə A.S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. İnstitutu bitirən kimi “Sovet Gürcüstanı” respublika qəzetinə işə qəbul edilib və burada korrektordan başlayaraq şöbə müdiri və məsul katibədək müxtəlif vəzifələrdə çalışıb. İ. Əliyev 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin edilib. O, bu günədək "Gürcüstan" adlanan qəzetdə həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilin dekabr ayınadək Azərbaycanın "AzərTac" dövlət xəbər agentliyinin Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində çalışıb.
İslam Əliyev iki dəfə Gürcüstan Jurnalistlər İttifaqının keçirdiyi müsabiqədə iştirak edərək mükafata layiq görülüb. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və Gürcüstanın “Şərəf” medalı ilə mükafatlandırılıb. O, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc müdalına və pul mükafatına layiq görülüb.
İslam Əliyev Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub və bədii-publisistik yaradıcılıqla məşğul olaraq hekayə və publisistik yazılarını Gürcüstan və Azərbaycan mətbuatında dərc etdirib.