İstanbul. Mais Əlizadə-APA. İstanbul universiteti Avrasiya Araşdırmaları İnstitutunun konfrans salonunda Pantürkizmin yaradıcısı İsmayıl bəy Qaspralının ölümünün 100-cü illiyinə həsr edilmiş toplantı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünün “Qaspıralı İsmayıl və Turan Yazqan” mövzusunda təşkil etdiyi toplantının məruzəçisi, Antalyadakı Ağ dəniz universitetinin kafedra müdiri, professor İsmayıl Yakıt olub. Professor Yakıt, Türk qövmləri arasındakı əməkdaşlığı “Dildə, fikirdə, işdə birlik” şüarı ilə çıxış edən İsmayıl bəy Qaspralı və XX əsrin 80-ci illərindən başlayaraq Türk ölkələri arasındakı praktik əməkdaşlığın gücləndirilməsində önəmli rol oynamış Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı Turan Yazqanın həyat və fəaliyyəti arasında paralellikləri dinləyicilərə çatdırıb. Məruzə bitəndən sonra professor Yakıt dinləyicilərin suallarını cavablandırıb. Toplantıda çıxış edəm İsmayıl bəy Qaspralının nəvəsi, Bağçasaraydakı Krım-Tatar universitetinin müəllimi Gülnarə Yusifqızı Türk Dünyası Araşdırmaları Vəqfinə təşəkkür edərək, Qaspralı və Yazqanın fikir və ideyalarının həyata keçirilməsi üçün türkdilli ölkələri sıx əməkdaşlığa dəvət edib.
1851-ci ildə Krımın Bağçasaray bölgəsində anadan olan İsmayıl bəy Qaspralı 1883-çü ildə çapa başladığı “Tərcüman” qəzeti vasitəsilə Pantürkizm şuurunu və türkdilli qövmlər arasındakı əməkdaşlığı gücləndirməyə çalışıb. XX əsrin əvvəllərində Bakıda milliyyətçi fikir və düşüncə cərəyanlarının öndərləri olan Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlunun İsmayıl bəy Qaspralı ilə yaxın əlaqələri olub. Azərbaycan Demokratik Respublikasının son üç hökumətinin baş naziri Nəsibbəy Yusifbəyli Qaspralının qızı Şəfiqə xanımla ailə həyatı qurub.
Vəfatının 100-cü ili münasibətilə UNESCO 2014-cü ili “Qaspralı ili” elan edib. Bu münasibətlə Türkiyənin müxtəlif elm və düşüncə qurumlarında Qaspralı ilə bağlı toplantılar keçirilməkdədir.
1980-ci ildə yaradılmış Türk Dünyası Araşdırmaları Vəqfi 1992-ci ildə Azərbaycanda Atatürk litseyi və iqtisad universitetinin nəzdində idarəçilik fakültəsi açıb. Vəqfin qurucu başqanı, professor Turan Yazqan 24 noyabr 2012-ci ildə vəfat edib. Professor Yazqanın 1989-cu ildə yaratdığı Süleymaniyyə kürsüsü hər ilin oktyabr-iyun ayları arasında həftənin şənbə günləri elmi-publisistik məruzələr təşkil edir. Süleymaniyyə kürsüsü bu il 25 illiyini qeyd edib.