Bakı. Zümrüd Paşayeva – APA. “Ukrayna məsələsinin müzakirəsində biz vacib addım atdıq. Düşünürük ki, beynəlxalq problemlərin həllinə Rusiyanın cəlb olunması vacibdir”. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın baş naziri Matteo Renzi Milanda liderlər arasında keçirilən geniş tərkibli görüşdən sonra deyib. O, keçirilən danışıqların müsbət nəticələr verəcəyinə inandığını söyləyib:
“Bu gün biz Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüşdük. Müzakirədə müsbət nəticə əldə etmək üçün ilk addım atılıb, buna baxmayaraq, müəyyən fikir ayrılıqları hələ də qalır. Əsas odur ki, tərəflərdə istək var və bu da konfliktin həlli yolunun axtarışında bizə ümid verir”.
Baş nazir münaqişənin həlli yolunun tapılmasının müəyyən zaman tələb edəcəyini başa düşdüyünü vurğulayıb: “Həll yolu dərhal tapılmaya bilər, lakin biz onu axtarmaq cəhdlərinə davam edəcəyik, günlər və aylar tələb etsə belə...”