Bakı. Rüfət Əhmədzadə - APA. Rusiyanın Polşanın Qdansk şəhərində yerləşən baş konsulluğundan 10 il ərzində yığılmış 632 min dollar icarə borcunun ödənilməsi tələb olunub.
APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Kalininqradda yerləşən Polyak Mədəni-İşgüzar Mərkəzinin saytında bildirilib.
İcarə borcunun tələb olunması ilə bağlı müraciət Polşa xəzinədarlığından daxil olub. Qeyd olunur ki, 10 il ərzində diplomatik məqsədlər üçün istifadə olunan daşınmaz əmlakın hüquqi statusu ilə bağlı iki ölkə arasında danışıqlar getdiyindən, icarə haqqı məsələsi indiyədək qaldırılmayıb.
Qdansk şəhər administrasiyasının xəzinədarlıq departamentinin rəhbəri Tomaş Lexoviç bildirib ki, müvafiq müraciət Rusiyanın Qdanskdakı baş konsulluğuna hələ 2014-cü ilin yayında göndərilsə də, indiyədək cavab verilməyib.
Xatırladaq ki, bu günlərdə Sankt-Peterburq arbitraj məhkəməsi Polşa baş konsulluğunun yerləşdiyi binadan köçürülməsi barədə qərar çıxarıb. Qərarda qeyd olunub ki, diplomatik nümayəndəlik son 20 il ərzində 74 milyon rubl dəyərində icarə haqqını ödəməkdən boyun qaçırıb.