Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə “Turin prosesi” layhəsi ilə bağlı regional konfrans keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “Şərq Tərəfdaşlığı proqramı”na üzv olan 6 ölkənin təmsilçisi və Avropa Təhsil Fondunun 60 nümayəndəsi iştirak edib.
Konfrans Gürcüstan Təhsil və Elm Nazirliyi, Avropa Komissiyası və Avropa Təhsil Fondu tərəfindən təşkil olunub.
Tədbirdə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Boris Yaroşeviç, Şərqi Avropa və Mərkəzi Asiyada proqramın rəhbəri Aren Vos və başqaları çıxış ediblər. Tədbirdə Turin prosesi çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələrində son iki ildə görülən işlər və peşə təhsili sahəsində müsbət dəyişikliklər, problemlər, regional əməkdaşlıq prioritetləri və digər məsələlər müzakirə edilib, ilkin hesabatlar təqdim olunub.
Layihənin əsas məqsədi peşə təhsili sistemində maraqlı tərəfləri bir araya gətirərək, bu sahədə vahid siyasət və məlumat bazasının formalaşdırılması, peşə təhsilinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar ölkələrin təcrübəsini öyrənməkdir.
Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna nümayəndələri çıxış ediblər. Onlar peşə təhsili sistemində əsas prioritetlər və analizlər barədə məlumat veriblər. Tədbirdə Azərbaycanı təhsil, iqtisadiyyat və sənaye, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin və Dövlət Statistika İdarəsinin nümayəndələri təmsil ediblər.
Azərbaycan Təhsil Nazirliyinin ilk peşə ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov APA-ya açıqlamasında Azərbaycanın “Turin prosesi” layihəsinə qoşulduğunu və bu prosesdə təcrübədən yaralandığını bildirib: "Avropa Təhsil Fondu 2010-cu ildən başlayaraq “Turin prosesi” adlı layihə həyata keçirməyə başlayıb. Azərbaycan elə həmin ildən layihəyə qoşulub. Biz “Turin prosesi” layihəsi barədə hesabatlarımızı hazırlayarkən bütün maraqlı tərəflərin, beynəlxalq ekspertlərin Azərbaycanda peşə təhsili səviyyəsini müsbət qiymətləndirdiyini bildirmişik. Biz gördüyümüz işlər və əldə etdiyimiz nailiyyətləri hesabatda qeyd edərək, problemlərimizi də müəyyən etmişik və gələcəkdə bu problemlərə uyğun fəaliyyət istiqamətimizi müəyyənləşdirmişik. Çıxışlarımızda qeyd etdik ki, həm savadlılıq, həm də iqtisadi artım səviyyəsində lider ölkə Azərbaycandır. Məsələn, demoqrafik göstəricilər və əhalinin artım sahəsində inkişafına görə Azərbaycan “Şərq Tərəfdaşlığı”nın dördüncü platformasına daxil olan ölkələr arasında liderdir. Bu baxımdan Tiflisdə keçirilən konfrans ölkələr arasında olan prosesləri izləməyə, həm də təcrübə mübadiləsinə imkan yaradır".