Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis şəhərində "Qış Sərgisi" adlı xeyriyyə yarmarkası açılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yarmarkada Azərbaycanı ölkəmizin Gürcüstandakı səfirliyi təmsil edib.
Tədbirə 23 xarici ölkənin diplomatik nümayəndəlikləri də qatılıb. Xeyriyyə yarmarkasında Gürcüstanda yaşayan xalqların milli suvenirləri, adət-ənənələrinə uyğun geyimləri, qida məhsulları, o cümlədən milli yeməklərimiz, "Qarabağ" və "Şuşa" adlı içkilər, eyni zamanda milli kəlağayımız təqdim olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələləri üzrə attaşesi Samirə Ağayeva APA-ya açıqlamasında satış zamanı əldə olunan gəlirin xeyriyyə məqsədilə istifadə olunacağını bildirib: "Bu tədbir hər il keçirilir. Hər il olduğu kimi bu il də tədbirdə iştirak edən müxtəlif ölkələrin diplomatları, Gürcüstan hakimiyyətinin rəsmiləri və iş adamları müxtəlif ölkələrin mədəniyyəti, tarixi və mətbəxi ilə yaxından tanış olmağa imkan tapacaqlar".