Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə Krım tatarlarının vəziyyətini yerində öyrənmək üçün yarımadaya nümayəndə heyəti göndərəcək. APA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, bu məsələ Rusiya rəhbərliyi ilə razılaşdırılıb və onlar Krımda nümayəndə heyətinin işinə kömək edəcəklər: “Biz Rusiyaya 100-ə yaxın Krım tatarının adı olan siyahı təqdim etmişik. Ankaranın əldə etdiyi məlumata görə, həmin şəxslər Krım Tatar Məclisinin üzvləri ilə əlaqəyə görə əziyyət çəkiblər, bəziləri hücuma məruz qalıb, bir qismi isə itkin düşüb”.
M. Çavuşoğlu qeyd edib ki, Türkiyə Ukraynadakı böhranın həlli məqsədilə Moskva ilə Kiyev arasında dialoqun qurulması üçün səy göstərir.
Qeyd edək ki, Rusiya tərəfindən ilhaq olunan Krımda 260 min tatar yaşayır.