Türkiyədə ABŞ-ın nüfuzu görünməmiş dərəcədə düşüb

Türkiyədə ABŞ-ın nüfuzu görünməmiş dərəcədə düşüb. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu, dünyada məşhur olan “Pew” təşkilatının 47 ölkədə 45 000 nəfər arasında apardığı sorğunun nəticələri əsasında məlum olub. Türkiyədə ABŞ-ı rəyi soruşulanların cəmi 9 faizi dəstəkləyib, 83 faizi isə əleyhinə çıxıb. “Pew” təşkilatının rəhbəri Əndrü Kohut nəticələrdən heyrətləndiyini bəyan edib: “Sorğunun nəticələrinə görə, Türkiyə ABŞ-ın nüfuzunun an çox düşdüyü ölkədir. Keçən il apardığımız rəy sorğusunda Türkiyədə ABŞ-a müsbət yanaşanların sayı 12 faizə düşmüşdü. Bu göstəricinin bundan aşağı düşəcəyinə inanmırdıq, amma belə oldu”. Cari ilin aprel-may aylarında keçirilən Türkiyə sorğularında müxtəlif təbəqələri təmsil edən 971 nəfər iştirak edib. Türkiyə əhalisinin Avropa İttifaqına (Aİ) münasibətinin dramatik şəkildə dəyişdiyi müşahidə edilib. Belə ki, bu il keçirilən sorğuda rəyi soruşulanların cəmi 27 faizi Aİ-yə müsbət yanaşdığını bəyan edib. Bu rəqəm 2004-cü ildə 58 faizə bərabər idi. Türklərin ən çox dəstək verdikləri dünya liderləri arasında isə ilk yeri İran prezidenti Mahmud Əhmədinejad tutub. Bununla bərabər, İrana verilən dəstək bir ildə 25 faiz azalaraq 28 faizə düşüb.
Qeyd edək ki, Türkiyədə ABŞ-a verilən dəstək 2000-ci ildə 52, 2004-cü ildə 30, 2005-ci ildə 23, 2006-cı ildə isə 12 faiz təşkil edib. /APA/
Qeyd edək ki, Türkiyədə ABŞ-a verilən dəstək 2000-ci ildə 52, 2004-cü ildə 30, 2005-ci ildə 23, 2006-cı ildə isə 12 faiz təşkil edib. /APA/