Azərbaycanın yeniyetmə karateçiləri Dünya kubokunda uğurla çıxış ediblər

İsveçin Eslov şəhərində yeniyetmələr, gənclər və böyüklər arasında karate üzrə klublararası Dünya kuboku start götürüb. Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışın ilk günündə yeniyetmə idmançılarımız qüvvələrini sınayıblar. Kumite yarışlarında fərdi mübarizədə Səid Quliyevlə Ramazan Novruzov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Musa Musayev, Ağabəy Mirzəyev və Elvin Eyvazov isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər. Bu üç karateçi kata yarışlında da ikinci yeri tutub. Yeniyetmə komandalarımızın da çıxışı uğurlu alınıb. 12-13 yaşlılardan ibarət komandamız kumite yarışında çempion olub. 14-15 yaşlılardan ibarət kollektiv isə həm kumite, həm də kata yarışında qızıl medalları qazanıb. Bu gün gənc karateçilər mübarizəyə qoşulacaqlar. Dünya kubokuna iyulun 2-də yekun vurulacaq. /APA-Sport/