Azərbaycan İpoteka Fondunun Naxçıvan filialı fəaliyyətə başlayıb

Azərbaycan İpoteka Fondunun Naxçıvan filialı fəaliyyətə başlayıb
# 30 iyun 2007 11:29 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun (AİF) Naxçıvan filialı fəaliyyətə başlayıb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikasında (MR) İpoteka kreditlərinin verilməsi məqsədilə yaradılan filialın təqdimetmə mərasimi keçirilib. Mərasimdə regionda fəaliyyət göstərən kredit təşkilatlarının, sığorta, qiymətləndirici şirkətlərin, dövlət reyestr xidmətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Milli Bankı (AMB) Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov Cənubi Qafqazda ilk dəfə olaraq yaradılan İpoteka Fondunun əhalinin yaşayış sahəsi ilə təmin olunmasında mühüm rol oynadığını, ötən müddət ərzində 1500-dən artıq vətəndaşın fondun xidmətlərindən istifadə etdiyini bildirib. AMB-nin baş direktoru Rüfət Aslanlı isə Milli Bankın İdarə Heyətinin 31 may 2007-ci il tarixli qərarı ilə AİF-in Naxçıvan filialının yaradılmasından, filial əməkdaşlarının üzərinə düşən vəzifələrdən danışıb, kreditlərin verilmə mexanizmini izah edib. AİF-in icraçı direktoru Faiq Məmmədov İpoteka kreditlərinin verilməsində şərtlərin sadələşdirildiyini, ilkin ödənişlərin sıfra endirilməsi üçün Zəmanət Fondunun təsis olunmasının qərara alındığını deyib. İcraçı direktor filial əməkdaşlarının bu sahədə hərtərəfli təcrübə qazanmaları məqsədilə seminar və treninqlərin keçiriləcəyini də bildirib. Sonda AİF-in Naxçıvan filialının sənədləri AMB Naxçıvan MR İdarəsinin rəhbərliyinə təqdim olunub.
Qeyd edək ki, filialın fəaliyyətinə cari nəzarət və rəhbərlik bu quruma həvalə olunub. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR