Səid Dadaşbəylinin anası Azərbaycan prezidentə müraciət edəcək

Səid Dadaşbəylinin anası Azərbaycan prezidentə müraciət edəcək
# 19 oktyabr 2007 15:11 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin bu ilin yanvarında keçirdiyi əməliyyat nəticəsində həbs olunan Cinayət Məcəlləsinin cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, qanunsuz odlu silah saxlama və s. maddələri ilə ittiham edilən Səid Dadaşbəylinin anası Qətibə Dadaşova prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcək. APA-nın xəbərinə görə, bu barədə bu gün Qətibə Dadaşova bildirib. Q. Dadaşova deyib ki, müraciətində oğlunun günahsız olduğunu qeyd edəcək: “Oğlum Bakı-Tiflis-Ceyhan neft kəmərinin qurulması işlərində çalışıb. O, dindar olsa da, hər hansı qruplaşma ilə əlaqədə deyildi. Səid həmişə iqtidarı dəstəkləyib, çox savadlı, beş dil bilən oğlandır. O, dinlə məşğul olan dostlarına da məsləhət görürdü ki, Qərbə yönəlin, qərbçi olun”.
S. Dadaşbəylinin dəstəsinin olmadığını bildirən anası deyib ki, onunla birgə ittiham olunanlardan yalnız 3-4-ü oğlunun yaxın dostlarıdır: “Yerdə qalanlar isə tamamilə kənar adamlardır, onlardan 4-ü isə, ümumiyyətlə, Səidi tanımır”.
Q. Dadaşova oğlunun istintaq müddətində işgəncələrə məruz qaldığını deyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən Səid Dadaşbəyli və daha 15 nəfər bu ilin yanvarında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Hazırda qaldırılan cinayət işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi keçirilir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR