Eynulla Fətullayev Almaniyadan bəhs edən “Avropanın qürubu, yaxud liberal dəyərlərin böhranı” adlı hesabatını təqdim edəcək

Eynulla Fətullayev  Almaniyadan bəhs edən “Avropanın qürubu, yaxud liberal dəyərlərin böhranı” adlı hesabatını təqdim edəcək
# 20 yanvar 2013 20:28 (UTC +04:00)

Birliyin sədri E. Fətullayev təqdimat mərasiminə bir çox beynəlxalq təşkilatların təmsilçilərinin, xarici media və ictimai fəalların qatılacağını qeyd edib. O bildirib ki, www.thedecline.info veb-resursunda hesabat beynəlxalq və Azərbaycan ictimaiyyətinin diqqətinə təqdim olunur.

Məlumata görə, “İnsan haqları uğrunda” İB (Bakı) Almaniyada demokratiya, insan haqları, multikulturalizm siyasəti sahəsindəki real vəziyyəti öyrənmək və mövzuya dair hesabat hazırlamaq üçün beynəlxalq tədqiqat qrupu yaradıb və 2012-ci il oktyabrın 25-dən noyabrın 8-dək Berlin, Düsseldorf, Köln, Hamburq və Frankfurt şəhərlərinə ezamiyyət təşkil edib.

Qrup iki həftə ərzində Almaniyada multikulturalizmin böhranının və milli-dini tolerantlığın səviyyəsinin aşağı düşməsinin (neonasizm əhval-ruhiyyəsinin artımı fonunda) monitorinqinin həyata keçirilməsi, hökumətin miqrasiya siyasətinə yeni yanaşmalarının təhlili, hüquq-mühafizə, məhkəmə və penitensiar sistemlərində insan hüquqlarının pozulması faktlarının öyrənilməsi, söz və mitinq azadlığının boğulması halları ilə tanışlıq çərçivəsində böyük həcmdə tədqiqat işi aparıb.

Monitorinq qrupu tədqiqat müddətində “Human Rights Watch”, “Sərhədsiz reportyorlar”, Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniya hökumətinin miqrasiya, qaçqınlar və inteqrasiya siyasəti məsələləri üzrə komissarı, Almaniya kanslerinin ofisi, Alman-Türk Mərkəzi, Dünya Mədəniyyətləri Evi, Almaniyadakı Rusiya və Ukrayna diasporlarının fəalları, Vestfaliya federal torpağının əmək, inteqrasiya və sosial məsələlər naziri, alman deputatları, ictimai-siyasi, dövlət və elm xadimləri, siyasi partiyaları və KİV (WDR teleradioşirkəti, “Ştern” qəzeti və s.) ilə əməkdaşlıq şəraitində çalışıb və mövzuya dair zəruri informasiya və böyük faktoqrafik material toplaya bilib.

Tədqiqat qrupu bu suallara cavab tapmağa çalışıb: Multikulturalizm Almaniya kimi tolerant bir ölkədə nəyə görə iflasa uğradı? İnsan haqları, söz və yığıncaq azadlığı məsələləri həddən artıq firavan olan bu ölkədə nəyə görə təxminən elə dekorativ demokratiyaya malik ölkələrdə olduğu qədər aktuallıq kəsb etdi? İctimai narazılıq və etiraz aksiyaları, korrupsiya qalmaqalları bu ölkədə niyə tez-tez baş verdi? Qisasçılıq hissləri və neonasist əhval-ruhiyyə alman cəmiyyətində nədən belə böyük dəstək qazanmağa başladı?

Tədqiqat qrupunun “Avropanın qürubu, yaxud liberal dəyərlərin böhranı” adı verdiyi bu hesabatda geniş mənada götürülən insan hüquq və azadlıqları problemi daha əhatəli miqyasda araşdırılıb. İnsan hüquq və azadlıqları, demokratik təsisatların inkişafı, ayrı-ayrı mədəniyyətlərin dinc yanaşı mövcudluğu, liberal düşüncə məsələlərinin XXI əsrdə nəinki təkcə ayrı-ayrı ölkələrdə, ümumiyyətlə, bütün dünyada sadəcə konkret fərdlər üçün yox, elə bütöv dövlətlərdən ötrü də prioritetə çevrilməsi araşdırma predmeti kimi seçilmiş mövzunun aktuallıq dərəcəsini xeyli artırır.

Araşdırmada Qərbi Avropanın oturuşmuş demokratiyaya malik ölkələri ilə Şərqi Avropanın problemli demokratiyaya malik ölkələrindəki vəziyyətin təhlili verilib, dünya demokratiyasının qlobal iqtisadi böhran və Yaxın Şərqdəki sosial inqilablar fonundakı real mənzərəsi təsvir edilib. Bundan əlavə, araşdırmada Şərqi və Mərkəzi Avropa dövlətlərinin siyasi problemlərinə, regionda demokratik dəyişikliklər məsələsinə ayrıca diqqət yetirilib. Paralel olaraq Qərbi Avropanın bir sıra inkişaf etmiş ölkələrində (Almaniya, Böyük Britaniya, Fransa, Belçika, İtaliya, İspaniya) dövlətin fəaliyyətindəki çatışmazlıqlar, əhalinin siyasi həyatda iştirak səviyyəsinin kəskin azalması problemləri araşdırılıb.

Araşdırmada Avropadakı miqrant kütləsinin hüquq və azadlıqları, onların ictimai-siyasi və sosial durumu məsələlərinə xüsusilə liberal dəyərlərin böhranı, multikulturalizm, sosio-mədəni inteqrasiya proseslərinin zəifləməsi, millətçiliyin güclənməsi fonunda baxışlar detallı şəkildə təqdim olunur. Araşdırmada multikulturalizmdən assimilyasiyaya keçidə tənqidi baxış fundamental insan hüquq və azadlıqları prizmasından qırmızı xətt kimi keçir. Antiliberal meyllərin güclənməsi sayəsində demokratiyanın yaşadığı böhranın əlamətləri qruplaşdırılır.

Təqdim olunan bu layihənin məqsədi əksər Avropa ölkələrində Avropa dəyərlərinin, hər şeydən əvvəl liberal demokratiya və multikulturalizm dəyərlərinin sistemli böhranı hallarının kompleks monitorinqini həyata keçirməkdir. Tədqiqat qrupu monitorinq aparmaq üçün ölkə seçərkən kütləvi informasiya vasitələrinin son illərdəki kontent-təhlillərinə, həmçinin “The Economist İntelligence Unit” adlı nüfuzlu tədqiqat şirkətinin “2011-ci ildə dünya ölkələrinin demokratiya indeksi”nə və aparıcı və nüfuzlu beynəlxalq təşkilatların müntəzəm hesabatlarına əsaslanıb.

Komparativ təhlilin aparılmasını, bir çox Avropa ölkələrində liberal dəyərlərin və multikulturalizm ideyalarının sistemli böhranının üzə çıxarılmasını məhz Almaniyadakı situasiyanın analizi üzərində qurulması isə bu ölkənin ənənəvi demokratik imici, yüksək və əhəmiyyətli siyasi-iqtisadi statusu, həmçinin bu ölkənin həm dünyada, həm də ümumavropa miqyasında gedən proseslərdəki dominant rolu, ikinci tərəfdən isə multikulturalizm ideyalarının, tolerantlıq prinsiplərinin və liberal dəyərlərin məlum böhranının son illərdə Almaniyanın ictimai-siyasi həyatında formalaşan təzadlı təmayülləri ilə bağlıdır. Yəni Almaniyanın monitorinq üçün çıxış nöqtəsi kimi seçilməsinin həm konseptual-metodoloji, həm də konkret faktoqrafik əsasları var.

Monitorinq zamanı maraq doğuran aşağıdakı problemli sahələr diqqətə alınıb:

- multikulturalizmin böhranı və milli-dini tolerantlığın səviyyəsinin aşağı düşməsi, immiqrasiya siyasətindəki geriləmələr;

- Almaniyanın penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər, qanunvericilik praktikasındakı qüsurlar;

- insan haqlarının, söz və yığıncaq azadlığının pozulması, etiraz aksiyalarının dağıdılması zamanı heç bir əsas olmadın güc tətbiqi.

Araşdırma 6 hissədən ibarətdir. “Multikulturalizmin böhranı haqda” adlı I hissədə Avropada baş qaldıran millətçilik, ksenofobiya, islamofobiya, diskriminasiya meyllərdən və bu vəziyyəti doğuran səbəblərdən bəhs edilir, bu meyllər Almaniyadakı miqrantların real durumu kontekstində təhlil olunur.

“Korrupsiya” adlı II hissədə korrupsiyanın demokratiya, insan hüquq və azadlıqları, söz, mətbuat, yığıncaq kimi fundamental Avropa dəyərlərinə törətdiyi təhlükədən bəhs edilir.

“İfadə azadlığının pozulması” adlı III hissədə Avropada mətbuat sahəsindəki mühitin pisləşməsindən, KİV-ə siyasi, inzibati və iqtisadi təzyiqlərdən söz açılır.

IV hissə “Almaniyanın penitensiar, hüquq-mühafizə və məhkəmə və penitensiar sistemlərindəki problemlər və qanunvericilik praktikasındakı qüsurlar” adlanır və müvafiq sahədəki nöqsanlardan söz açılır.

“Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi” adlanan V hissədə insan haqlarının pozulması sahəsindəki ən aktual problemdən - polis zorakılığından danışılır.

Nəhayət, “Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması” adlı VI hissədə insan haqları baxımından cəmiyyətin ayrı-seçkiliyə məruz qalan ən əsas və həssas seqmentindəki durum araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR