Zimbabvenin təbiət qoruğunda qəflətən ölən fillərin sayı 22-yə çatıb

Zimbabvenin təbiət qoruğunda qəflətən ölən fillərin sayı 22-yə çatıb
# 05 sentyabr 2020 14:36 (UTC +04:00)

Son səkkiz gündə Zimbabvenin cənubundakı Hvanqe təbiət qoruğunda qəflətən ölən fillərin sayı 22-yə çatıb.

APA-nın xəbərinə görə, bu barədə yerli xəbər xidməti "News-24" məlumat yayıb. Ölkənin Qoruqları və Vəhşi Təbiəti Mühafizə İdarəsinin sözçüsü Tinaşe Faravo filləri dəqiq nəyin öldürdüyünün hələ bilinmədiyini deyib: "Mütəxəssislər ilkin araşdırmalardan sonra bakterial yoluxma versiyasını irəli sürürlər. Ancaq bunun dəqiq hansı bakteriya olduğu hələ məlum deyil".

Avqustun 29-da 12 filin cəsədi Viktoria şəlaləsinin yaxınlığındakı Pandamasue meşəsi ilə Hvanqe təbiət qoruğunun sərhədindəki su anbarının yaxınlığında tapılıb.

Qoruqları və Vəhşi Təbiəti Mühafizə İdarəsinin sözçüsü bildirib ki, ölən fillərin dişlərinə toxunulmayıb, bu səbəbdən brakonyerlərin heyvanları öldürməsi ehtimalı yoxdur.

İki gün sonra Hvanqe qoruğunda oxşar formada daha 10 filin cəsədi tapılıb.

"Test üçün nümunələr götürdük, lakin əvvəlki 12 fil ilə eyni səbəbdən öldüyündən şübhələnirik", - deyə sözçü bildirib.

Qoruğun işçiləri isə qeyd edib ki, iki və altı yaş arasındakı fillərin boyu qısa olduğu üçün onlar ağac yarpaqları yeyə bilmir. Heyvanlar yerdəki yarpaqları və otları yeyir, beləliklə patogen bakteriyalar onların orqanizminə torpaqdan daxil ola bilər.

Sözçü Tinaşe Faravo fillərin ölümünü başqa bir səbəbi olaraq qoruqdakı sıxlığı da istisna etməyib. "14.6 min kvadrat kilometrlik bir əraziyə sahib olan Hvanqe qoruğu 15 min fili qəbul edə bilər və lakin bu gün qoruqda fillərin sayı 53 mindir", - o deyib.

Mütəxəssislər Zimbabvedəki ölümlərlə aprel ayında qonşu Botsvanada 360-dan çox filin kütləvi və sirli ölümü arasında mümkün əlaqə axtarır. Ölən heyvanların toxumaları üzərində tədqiqatlar aparan dünyanın bir sıra aparıcı laboratoriyalarının səylərinə baxmayaraq, heyvanların ölüm səbəbi hələ müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR