TAP konsorsiumu: "Kəmərin gücünü iki dəfə artırmaq üçün heç bir texniki problem yoxdur"

TAP konsorsiumu: "Kəmərin gücünü iki dəfə artırmaq üçün heç bir texniki problem yoxdur"
# 24 sentyabr 2019 13:45 (UTC +04:00)

Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə qabiliyyəti cəmi iki kompressor stansiyası tikilməklə iki dəfə (10 mlrd. kub metrdən 20 mlrd. kubmetrədək) artırıla bilər.

APA-Economics”in İtaliya mətbuata istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şiyeppati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, TAP-ın ötürmə qabiliyyətinin ikiqat artırmaq perspektivləri ilə bağlı “market-test” (bazar sınaqları) aparılıb və bazar artıq qaz kəmərinin imkanlarından xəbərdardır.

“Texniki cəhətdən heç bir problem yoxdur. Yunanıstan və Albaniyada cəmi iki kompressor stansiyası lazımdır, amma borular eyni qalacaq”, - deyə L. Şiyeppati qeyd edib.

Qeyd edək ki, hesablamalara görə, kəmərin gücünü 10 mlrd. kubmetrdən 20 mlrd. kubmetrədək artırmaq üçün 1 035 mln. avro tələb olunacaq.

TAP-ın Yunanıstan hissəsi artıq bu ilin noyabr ayında qazla doldurulacaq və burada sınaq işləri aparılacaq. Bundan sonra, artıq 2020-ci ilin əvvəllərində, Azərbaycan qazı Albaniya ərazisinə daxil olacaq. Qaz TAP ilə İtaliyaya 2020-ci ilin IV rübündə çatdırılacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR