Ekvadorda güclü zəlzələ nəticəsində 7 bina dağılıb, 13 nəfər ölüb - YENİLƏNİB-1 - FOTO

Ekvadorda güclü zəlzələ nəticəsində 7 bina dağılıb, 13 nəfər ölüb - YENİLƏNİB-1   - FOTO
# 19 mart 2023 05:32 (UTC +04:00)

Ekvadorda baş verən zəlzələ nəticəsində 13 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidməti bildirib.

Xidmətin məlumatına görə, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ciddi ziyan dəyib.

Xatırladaq ki, şənbə günü Ekvadorun cənubunda 6,8 gücündə zəlzələ baş verib.

İlkin məlumatlara görə El Oro və Asuay əyalətlərində ən azı 11 nəfərin həyatını itirməsi barədə məlumat verilmişdi.

***

Saat 02:55

Ekvadorun cənubunda şənbə günü baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 12 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.

"Hazırda 12 nəfərin ölməsi (11 nəfər El Oro əyalətində və bir nəfərə Asuay əyalətində) barədə məlumat verilib. Yaralılar var, onlara xəstəxanalarda yardım göstərilir", - deyə mətbuat xidmətinin "Twitter" səhifəsində qeyd olunub.

Qeyd edək ki, təbii fəlakətin episentri Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 85 km dərinlikdə olub.

***

18.03.2023

Saat 23;45

Ekvadorda yerli vaxtla saat 12:12-də baş verən 6,8 bal maqnitudalı zəlzələ nəticəsində üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb.

Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Zəlzələnin qonşu Peruda da hiss edildiyi bildirilib.

***

Saat 21:25

Ekvadorda 6,7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 85 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR