ABŞ-ın Mayami-Biç şəhərində insanların yaz tətili üçün axını səbəbindən fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Mayami-Biç şəhərində insanların yaz tətili üçün axını səbəbindən fövqəladə vəziyyət elan olunub
# 21 mart 2021 06:43 (UTC +04:00)

ABŞ-ın Mayami-Biç şəhər (Florida ştatı) rəhbərliyi əksəriyyəti tələbələrdən ibarət olan insanların yaz tətili ilə əlaqədar axını səbəbindən fövqəladə vəziyyət elan edib və bir sıra məhdudlaşdırıcı tədbirlərə başlayıblar.

APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Hazırda buraya çox sayda adam gəlir”, - deyə telekanal şəhər meri Dan Gelberin sözlərindən sitat gətirib. O, şəhərdəki vəziyyəti qabaqlayıcı tədbirlər görülməsə, hər an alışa biləcək barıtla müqayisə edib.

Yeni məhdudiyyətlər əsasında yerli vaxtla saat 20:00-dan etibarən şəhərdə komendant saatı tətbiq ediləcək. Bununla yanaşı, axşam 21:00-dan səhər 06:00-a qədər Mayami-Biçi Mayami ilə birləşdirən üç əsas magistral yol bağlanılacaq.

Qeyd edilir ki, bu tədbirlər kütləvi şənliklərin qarşısının alınmasına yönəldilib. Çünki belə şənliklərdə COVID-19 pandemiyası səbəbindən tətbiq olunan sosial məsafə qaydalarına riayət edilmir və tez-tez ictimai qaydanın pozulması ilə müşayiət olunur.

ABŞ-da kollec və universitetlərdə yaz tətilləri ənənəvi olaraq mart ayının ortalarında təşkil edilir, bir çox tələbə isə bu müddət ərzində ölkənin isti guşələrini gəzməyə üstünlük verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR