ABŞ-ın Minneapolis şəhər rəhbərliyi Floyd ailəsinə 27 milyon dollar təzminat ödəyəcək

ABŞ-ın Minneapolis şəhər rəhbərliyi Floyd ailəsinə 27 milyon dollar təzminat ödəyəcək
# 13 mart 2021 00:18 (UTC +04:00)

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhər rəhbərliyi ötən ilin yazında polisin həbsi zamanı dünyasını dəyişən afroamerikalı Corc Floyd ailəsinin məhkəmə davasının həlli çərçivəsində 27 milyon dollar ödəyəcək.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, ödəniş məbləği cümə günü keçirilmiş bələdiyyə iclasında müəyyən edilib. Qərar yekdilliklə qəbul edilib. Afroamerikalının yaxınlarının vəkili Bencamin Kramp bildirib ki, “bu, bir qaradərilinin ölümü ilə bağlı məhkəmə müzakirələri başlamazdan əvvəl ödənilə biləcək ən böyük məbləğdir”.

Qeyd edək ki, keçən ilin iyul ayında C.Floydun yaxınları Minneapolis rəhbərliyinə və dörd keçmiş polis əməkdaşına qarşı təzminat tələbilə iddia qaldırıb. Ehtimal olunurdu ki, təzminat ödənişinin miqdarı məhkəmə tərəfindən təyin olunacaq. Bununla belə, təzminat məbləğinin miqdarı barədə əldə olunmuş razılığın məhkəmə prosesinin dayandırılmasına təsir etməyəcəyi deyilir.

Xatırladaq ki, polis tərəfindən küçədə saxlanılan Corc Floyda qarşı amansız hərəkətlər edilib. Həbs zamanı ağır çəkili polis dizi ilə Floydun boynundan sıxıb. O, nəfəs ala bilmədiyini desə də, polis məmuru buna əhəmiyyət verməyib. Nəticədə afroamerikalı boğularaq ölüb.

Sosial şəbəkələrdə də yayılmış həmin anları əks etdirən videogörüntülərdən məlum olur ki, Corc Floyd eyni vaxtda bir deyil, üç polis tərəfindən tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR