ABŞ may ayında ölkəyə giriş məhdudiyyətlərini yumşaltmağa hazırlaşır

ABŞ may ayında ölkəyə giriş məhdudiyyətlərini yumşaltmağa hazırlaşır
# 19 mart 2021 03:46 (UTC +04:00)

Rəsmi Vaşinqton may ayının ortalarında yeni növ koronavirus pandemiyası fonunda bir sıra ölkələrdən ABŞ-a giriş məhdudiyyətlərini yumşaltmağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə “CNBC” telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Co Bayden administrasiyası Meksika və Kanadanın ABŞ-la sərhədlərində tətbiq edilmiş məhdudiyyətləri ləğv etməyə hazırlaşır. Bundan başqa, Böyük Britaniya, Braziliya və Avropa ölkələrindən ABŞ-a giriş məhdudiyyətlərinin yüngülləşdiriləcəyi gözlənilir. “CNBC” xəbər verir ki, bu, əhalinin kütləvi peyvənd olunması ilə əlaqədardır.

Buna qədər ABŞ rəhbərliyi Meksika və Kanada ilə quru sərhədlərindəki məhdudiyyətlərin 21 aprelə qədər uzadıldığını açıqlamışdı. Eyni zamanda, C.Bayden yanvarın 25-də pandemiya fonunda Şengen dövlətlərindən, Böyük Britaniyadan, İrlandiyadan və Braziliyadan ölkəyə girişə tətbiq edilmiş məhdudiyyətləri saxlamaq və CAR-I da bu siyahıya əlavə etmək barədə qərar vermişdi.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlərin məlumatına görə, Birləşmiş Ştatların əhalisinin 22%-dən çoxu – 75,4 milyondan çox insan – azı bir doza COVID-19 peyvəndi qəbul edib, təxminən 12,3% – 40,9 milyon insan isə bütün peyvəndləmə prosesindən keçib.

Federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablama aparan Cons Hopkins Universitetinin hesabatına görə, ABŞ-da 29,6 milyondan çox koronavirus infeksiyasına yoluxma halları aşkar edilib, 538,7 min nəfər bu virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR