BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması təklifini qəbul etməyib

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması təklifini qəbul etməyib
# 15 avqust 2020 08:28 (UTC +04:00)

ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasında lazımi sayda səs toplamayıb və əksər ölkələr səs verməkdən imtina ediblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu İndoneziyanın BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasına avqust ayında rəhbərlik edən Dian Trianşah Cani bildirib.

“İki ölkə qətnamənin lehinə, iki ölkə də əleyhinə səs verdi, daha 11 ölkə bitərəf qaldı. Bununla da sənəd qəbul edilmədi”, - məlumatda belə deyilir.

Bildirilir ki, Rusiya və Çin sənədin əleyhinə, ABŞ və Dominikan Respublikası lehinə səs verib, Fransa, Böyük Britaniya, Belçika, Almaniya, Vyetnam, Cənubi Afrika, İndoneziya, Niger, Sent-Vinsent və Qrenadin, Tunis və Estoniya bitərəf qalıb.

Nüvə sazişinin şərtlərinə əsasən, İrana silah idxalına qoyulan məhdudiyyətlər 18 oktyabr 2020-ci ildə başa çatır. Qətnamə layihəsində ABŞ İrana qarşı silah embarqosunun “Təhlükəsizlik Şurası başqa bir qərar verməyincə” uzadılmasını təklif edib.

Səsvermə, BMT-nin baş qərargahında koronavirusun yayılmasına qarşı qoyulmuş məhdudiyyətlər səbəbindən yazılı şəkildə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR