Beynəlxalq təşkilatlar ABŞ-da baş verən toqquşmalara münasibət bildirib

Beynəlxalq təşkilatlar ABŞ-da baş verən toqquşmalara münasibət bildirib
# 07 yanvar 2021 11:42 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Vaşinqtondakı toqquşmalarla bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, DTİHB bütün tərəfləri demokratiya və qanunun aliliyi prinsiplərinə əməl etməyə çağırıb.

ATƏT DTİHB ABŞ-dakı vəziyyətlə bağlı narahatlığını ifadə edib: “ATƏT regionunun 57 ölkəsindən biri kimi ABŞ yalnız demokratik seçkilər keçirməyə sadiq qalmayıb, həm də lazımi səsləri alan namizədlərin vəzifələrinə layiqincə təyin olunmalarını hər zaman təmin edib. ABŞ hüquq sistemi hakimiyyətin rəvan bir şəkildə dəyişməsini təmin edərkən, hətta bu cür güclü institutlara və ənənəvi demokratik normalara hörmət edən bir ölkədə belə, bu prosesdə iştirak edənlərin hamısının təmkinli olması vacibdir. Demokratik prosesdə zorakılığa və şiddətə təhrikin yeri yoxdur”.

Bildirilib ki, təşkilat sentyabrın sonundan seçki gününə qədər ABŞ-da olub, prosesi izləyib və onun müşahidə missiyası sistematik saxtakarlıq iddialarının əsassız olduğunu aşkar edib: “ATƏT-ə üzv bütün ölkələr demokratik seçkilərin uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin edilməsində həlledici rolunu tanıyır və qəbul edir. Buna görə də DTİHB ABŞ-ı və ATƏT-dəki hər bir ölkəni seçkiləri demokratik ölkələrin təməlində olan vətəndaş və siyasi hüquqların təcəssümü olduğunu xatırlamağa çağırır”.

NATO-nun Baş katibi Yens Stoltenberq də Vaşinqtonda baş verənlərə münasibət bildirib. O, Vaşinqtonda baş verənləri şokedici adlandırıb. Y. Stoltenberq vurğulayıb ki, demokratik seçkinin nəticələrinə hörmət edilməlidir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə ABŞ institutlarının və demokratiyanın gücünə inandığını qeyd edib: “Hakimiyyətin dinc yolla keçidi əsasdır. Co Bayden bu seçkini qazanıb. ABŞ-ın növbəti prezidenti kimi onunla işləməyi səbirsizliklə gözləyirəm”.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel isə bildirib ki, ABŞ Konqresi demokratiyanın məbədidir: “Vaşinqtondakı bu səhnələrin şahidi olmaq şokedicidir. ABŞ-ın sülh yolu ilə hakimiyyəti Co Baydenə ötürüləcəyini təmin edəcəyinə inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR