Braziliyanın tropik meşələri karbon qazını udmaq əvəzinə, xaric etməyə başlayıblar

Braziliyanın tropik meşələri karbon qazını udmaq əvəzinə, xaric etməyə başlayıblar
# 19 dekabr 2020 06:58 (UTC +04:00)

İqlimşünaslar müəyyən ediblər ki, Braziliyanın tropik meşələri udduqlarından daha çox həcmdə karbon qazı (CO2) xaric etməyə hələ 2013-cü ildən başlayıblar.

APA xəbər verir ki, belə bir nəticənin əks olunduğu məqalə “Science Advances” elmi jurnalında dərc edilib.

“Tropik meşələr karbon qazının dövriyyəsində vacib rol oynayır, lakin heç kim bu prosesin Amazon meşələrindən kənarda böyüyən ağaclara necə təsir etdiyini dəqiq şəkildə qiymətləndirməyib. Müşahidələrimiz göstərdi ki, onların içərisində toplanan karbon qazının miqdarı tədricən azalır. Bu, həm də karbon qazını udma sürətinin azalması, onun xaric edilməsi sürətinin isə artması ilə əlaqədardır”, - deyə tədqiqatçılar yazırlar.

Tropik Amazon meşələri təxminən 5,5 milyon kv/km ərazini əhatə edir və yer üzündə bütün canlı orqanizmlərdəki karbon qazının 10%-ni özündə toplayır. Bunlardan başqa, Braziliya və digər Latın Amerikası ölkələrində çox sayda meşə massivləri var. Amazon meşələri kimi onlar da intensiv şəkildə kəsilir, ancaq bu meşələrin vəziyyəti, demək olar ki, öyrənilməyib.

Lavras Federal Universitetinin (Braziliya) professoru Rubens Manuel dos Santosun rəhbərlik etdiyi iqlimşünaslar və ekoloqlar elmi məlumatdakı bu boşluğu doldurublar. Yeni araşdırma zamanı alimlər Braziliyada 1987 və 2020-ci illər arasında 32 oxşar tropik meşənin biokütləsinin necə dəyişdiyini müəyyən ediblər.

Alimlər atmosferdəki CO2 konsentrasiyasının artması ilə biokütlə qazanma sürətinin necə əlaqəli olduğu, yağışların azalması, vaxtaşırı quraqlıq və meşələrin qırılması da daxil olmaqla digər iqlim və antropogen amillərin bu meşələrdə toplanan karbonun miqdarını necə azaltdığına maraq göstəriblər.

Bunun üçün elm adamları Braziliyanın tropik meşələrində odun və torpaqdan nümunələr toplamaqla yanaşı, ölkənin bu bölgələrində orta temperatur və yağıntının səviyyəsini izləyiblər. Bu məlumatların əsasında alimlər ağacların CO2-ni hansı sürətlə mənimsəməsi və xaric etməsi barədə uzunmüddətli qiymətləndirmələr və proqnozlar veriblər.

Bu ölçmələr göstərib ki, təxminən 2013-cü ilə qədər Amazon meşələrindən kənardakı əksər Braziliya tropik meşələri karbon qazını xaric etməkdən daha çox onu udub. Bunun sayəsində onlar biokütlələrini tədricən artırıblar. Sonradan hər şey əksinə olub və indi hər il bu meşələr bir hektarda 130 kq karbon itirir.

Dos Santos və onun həmkarları bu itkilərin udulmuş CO2 miqdarının azalması və atmosferə atılan karbon qazının artması ilə əlaqədar olduğunu müəyyən ediblər. Birinci göstərici hər il 2,6% azalır, ikincisi isə 3,4% böyüyür. İqlimşünasların fikrincə, yarıyarpaqlı növ ağaclar bu proseslərdən daha az, ancaq həmişəyaşıl meşələr isə daha çox təsirlənib.

Tədqiqatçıların hesablamaları göstərir ki, bu itkilərin əsas səbəbi Braziliyanın bütün bölgələrində yağıntının azalması (hər il təxminən 10 mm azalır), həmçinin vaxtaşırı istilik dalğaları və bununla əlaqədar quraqlıqların yaranmasıdır.

Alimlər ehtimal edirlər ki, yaxın illərdə və onilliklərdə havanın temperaturu və CO2 konsentrasiyası artdıqca bu cür tendensiyalar daha da güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR