Nyu-Yorkun bəzi bölgələrində məhdudiyyətlər mayın 15-dən yüngülləşdirilə bilər

Nyu-Yorkun bəzi bölgələrində məhdudiyyətlər mayın 15-dən yüngülləşdirilə bilər
# 28 aprel 2020 08:20 (UTC +04:00)

“Nyu-York ştatında koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin məhdudiyyətləri mayın 15-dən sonra bəzi bölgələrdə yüngülləşdirilə bilər”.

APA-nın yerli “NY1” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo jurnalistlərlə görüşündə deyib.

Kuomo bildirib ki, mövcud qaydaya əsasən, karantin tədbirləri mayın 15-dək qüvvədə olacaq: "Çox güman ki, bu tədbirlər ştatın bir çox bölgəsində qüvvədə qalacaq. Lakin bəzi bölgələrdə mövcud epidemioloji vəziyyətdən asılı olaraq məhdudiyyətlərin yüngülləşdirilməsi imkanları nəzərdən keçirilə bilər. Bu, həddindən artıq ehtiyatla həyata keçirilməlidir”.

Qubernator, həmçinin, ştatda ölüm hallarının azalmaqda davam etdiyini vurğulayıb: “Son bir gündə 337 nəfər ölüb, ölümlərdən 313-ü xəstəxanada, 24-ü isə qocalar evində qeydə alınıb. Bir gün əvvəl bu göstərici 367 idi. Lakin ölümlərin sayı hələ də olduqca yüksək səviyyədə qalır”.

Ştat rəhbərinin sözlərinə görə, bu həftə dövlət orqanları tərəfindən minlərlə polis, yanğınsöndürən, 3 min tibb işçisi və ictimai nəqliyyat sürücüləri arasında sorğu təşkil ediləcək: “Bu sorğunun nəticələri insanlara xidmət göstərən işçilərin sağlamlığını, virusa yoluxma dərəcəsini qiymətləndirməyə imkan verəcək”.

Qubernator əlavə edib ki, son günlər ərzaq yardımı üçün müraciətlərin sayı kəskin artıb və dövlət orqanları yoxsullar üçün ərzaq almaq üçün 25 milyon dollar ayrılması barədə qərar verib.

O, hərbçilər tərəfindən tikilən müvəqqəti tibb mərkəzlərinin sentyabra qədər sökülməyəcəyini də bildirib: “Prezident Donald Trampla müzakirələr zamanı müvəqqəti tibb mərkəzlərinin payızadək saxlanılmasını xahiş etdim. Çünki pandemiyaya yoluxmanın ikinci dalğası sentyabr ayına - qrip mövsümünə təsadüf edəcəyi ehtimalına görə bu, prezidentlə aramızda müzakirə mövzusu oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR