Pentaqon: Rusiya NATO üçün təhdiddir

Pentaqon: Rusiya NATO üçün təhdiddir
# 17 fevral 2021 10:55 (UTC +04:00)

“Rusiya NATO müttəfiqləri üçün təhlükə yaradır”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun yüksək səviyyəli rəsmisi mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, müdafiə naziri Lloyd Ostinin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti NATO müdafiə nazirlərinin virtual formatda keçiriləcək iclasında iştirak edəcək və bu iclasda ABŞ Rusiya məsələsini qaldırmağa hazırlaşır.

“Rusiyanın ABŞ da daxil olmaqla, bütün NATO müttəfiqləri üçün bir təhdid olduğu açıq şəkildə ortadadır. Onlar məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə edirlər”, - deyə Pentaqon rəsmisi bildirib.

O vurğulayıb ki, ABŞ Rusiyanın dəfələrlə təhlükəsizliyi və sabitliyi pozmağa çalışdığına dair nümunələrin şahidi olub: “Bütün bunlara baxmayaraq, Vaşinqton qarşılıqlı maraq doğuran sahələrdə Rusiya ilə əməkdaşlıq edə bilər. Biz öz maraqlarımızı inkişaf etdirmək üçün Rusiya ilə çalışacağıq, lakin təcavüzkar hərəkətlərinə görə onları məsul hesab edəcəyik. Beləliklə, bu məsələləri bu həftə müttəfiqlərimizlə müzakirə etməyi səbirsizliklə gözləyirik”.

Pentaqon rəsmisi ABŞ-ın NATO müdafiə nazirlərinin iştirak edəcəyi videokonfransda Çinlə bağlı məsələnin də müzakirə olunacağının planlaşdırıldığını qeyd edib.

Xatırladaq ki, fevralın 17-18-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iştirakı ilə videokonfrans keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR