"Reuters": Pompeo İranı "Əl-Qaidə" ilə əlaqədə ittiham etmək niyyətindədir

"Reuters": Pompeo İranı "Əl-Qaidə" ilə əlaqədə ittiham etmək niyyətindədir
# 12 yanvar 2021 07:41 (UTC +04:00)

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Amerika kəşfiyyatının gizli sənədləri əsasında İranı “Əl-Qaidə” terror təşkilatı ilə əməkdaşlıqda ittiham etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə özəl mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Məlumata görə, Pompeo İranı terror qruplaşmasına dəstək verməklə yanaşı, bu qruplaşmanın üzvlərini sığınacaqla təmin etməkdə də günahlandırmağı düşünür.

Agentlik bildirir ki, Pompeo ABŞ kəşfiyyat məlumatlarına əsaslanaraq “Əl-Qaidə” liderlərindən birinin keçən ilin avqust ayında məhv edilməsinin təfərrüatları barədə də məlumat verə bilər.

Noyabr ayında “The New York Times” qəzeti ABŞ kəşfiyyat orqanlarındakı mənbələrə istinad edərək, “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan və 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumları təşkil etməkdə şübhəli bilinən Abdulla Əhməd Abdullanın İranda məhv edildiyini yazıb. Qəzetin yazdığına görə, əməliyyat ABŞ-ın adından çıxış edən İsrail kəşfiyyatçıları tərəfindən 7 avqust tarixində Tehranda həyata keçirilib.

Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə hücumlar 1998-ci ildə baş verib. 12-si ABŞ vətəndaşı olmaqla, 224 nəfər bu terror hücumlarının qurbanına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR