Vaşinqton meri: “Baydenin andiçmə mərasimində təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir”

Vaşinqton meri: “Baydenin andiçmə mərasimində təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir”
# 11 yanvar 2021 14:12 (UTC +04:00)

Vaşinqton meri Myuriel Bauzer ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton meri Daxili Təhlükəsizlik Məsələləri üzrə Departamentin katibi Çad Volfa məktubunda qeyd edib.

Ötən həftə hazırkı prezident Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumunu qeydə alınmamış terror hücumu kimi təsvir edən Vaşinqtonun meri vurğulayıb ki, C. Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ötən illərdə baş tutmuş andiçmə mərasimlərindən fərqli yanaşma tələb edir: “Mən yerli, regional və federal tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək istiqamətində çalışıram və Daxili Təhlükəsizlik Məsələləri üzrə Departamenti də andiçmə mərasimi ilə bağlı öz fəaliyyətini müvafiq şəkildə qurmağa çağırıram”.

Mer qeyd edib ki, inauqurasiya mərasiminin təhlükəsizliyinin təmin edilməsi üçün Daxili Təhlükəsizlik məsələləri üzrə Departament Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Ali Məhkəmə və Konqreslə koordinasiyalı şəkildə işləməlidir.

Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda yeni prezident Co Baydenin andiçmə mərasimi keçiriləcək. Hazırkı prezident Donald Tramp mərasimə qatılmayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR