Baş konsul: “Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının mümkünlüyünü göstərir”

Baş konsul: “Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının mümkünlüyünü göstərir”
# 05 noyabr 2019 10:50 (UTC +04:00)

ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Yəhudi Respublikaçılar Alyansının dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1 noyabrda həmin təşkilatın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan APA-ya verilən məlumata görə, təqdimatdan öncə çıxış edən Alyansın həmtəsisçiləri Miç Silberman və Mark Vidaver Azərbaycanın ABŞ və İsrail üçün strateji önəmini qeyd edərək, ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrini təqdir ediblər.

Baş konsul Nəsimi Ağayev öz çıxışında 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət olduğunu, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

N. Ağayev əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda islam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir.

Bundan başqa, N. Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.

Baş konsul çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında danışaraq, Azərbaycan torpaqlarının müdafiəsində ölkəmizin yəhudi vətəndaşlarının da iştirak etdiyini və hətta onlardan biri, 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş dağ yəhudisi Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı olduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, Aqarunovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaxın həftələrdə onun Bakıda ucaldılmış abidəsinin rəsmi açılışı nəzərdə tutulub.

Çıxışdan sonra N. Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR