Fərid Şəfiyev: “Erməni məsələsi dünya gücləri tərəfindən alət kimi istifadə edilir”

Fərid Şəfiyev: “Erməni məsələsi dünya gücləri tərəfindən alət kimi istifadə edilir”
  • Clock-gray 12:58
  • calendar-gray 30 Oktyabr 2019

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, F. Şəfiyev bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır.

O bildirib ki, bu qətnamə tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək: “Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur. Ümumilikdə bu bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular, müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyətçi faktorların təsiri altına düşüb.  Fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir”.

F. Şəfiyevin sözlərinə görə, qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq: “Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”.

Mərkəz sədri qeyd edib ki, Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir, lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir.

O vurğulayıb ki, bunun fonunda Azərbaycanın təhlükəsizliyinə müəyyən töhfə verdiyi Qərbdən Ermənistanın Azərbaycan torpaqlarının işğalını tanımağı, habelə Xocalı faciəsini soyqırımı kimi qəbul etməyi daha prinsipial şəkildə tələb etməsi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date