ABŞ nəşri: Vaşinqtonun “demokratiya avtoritarizminə qarşı” ritorikası onun xarici siyasətinə uyğun gəlmir

ABŞ nəşri: Vaşinqtonun “demokratiya avtoritarizminə qarşı” ritorikası onun xarici siyasətinə uyğun gəlmir
# 30 mart 2023 22:32 (UTC +04:00)

ABŞ-ın digər ölkələrlə birlikdə ev sahibliyi etdiyi demokratiya sammitində çətin ki, faydalı bir nəticə olsun.
APA xəbər verir ki, bu barədə ABŞ-da yayımlanan “Responsible Statecraft” nəşrində dərc edilmiş məqalədə belə qeyd edilib.
Müəllif Daniel Larisonun fikrincə ABŞ Prezidenti Co Baydenin hakimiyyətinin birinci ilində keçirilən sammit də əsasən məqsədsiz bir hadisə idi və administrasiya tərəfindən onun ikincisinin də təşkil edilməsi bir sıra suallar doğurur.

Məqalədə qeyd edilib ki, ilk sammiti ləkələmiş ixtilaflar bu dəfə də özünü göstərib:

“NATO müttəfiqləri olan Macarıstan və Türkiyə bu dəfə də dəvət edilənlərin siyahısından kənarda qalıb. Lakin öz ölkələrində demokratiyanı və qanunun aliliyini baltalayan digər hökumətlər iştirak ediblər”.

Müəllifin fikrincə ABŞ digər ev sahibi ölkələr, yol verdikləri bu cür ayrıseçkiliyə aydınlıq gətirməlidir:

“İstənilən halda ABŞ və digər ev sahibi ölkələr bəzilərinin bu kimi tədbirlərə dəvət edilməməsinə, lakin onlarla oxşar qeydlərə malik digərlərinin isə dəvət edilməsinə görə izahat verməlidirlər”.

Qeyd olunub ki, tədbir hər nə qədər lazımsız olsa da, ev sahibi ölkənin digərlərinə qarşı yol verdiyi bu cür münasibət onun siyasi bədəl ödəməsi ilə nəticələnə bilər:

“Problemlərdən biri budur ki, ev sahibi (ABŞ) bəzi ölkələri tərifli sözlərin söylənildiyi naqqalxanadan biraz daha yaxşı olan (bu sammitdən) kənarda saxladığına görə siyasi bədəl ödəyə bilər. Ev sahibi ölkələr hansı ölkələrin iştirak edə biləcəyinə dair kriteriyaları açıqlamayaraq özləri sammitin heç bir mahiyyət daşımamasına dair tənqidlərə yol açırlar. Yox əgər onlar kriteriyaları çox yüksək tuturlarsa nəticədə dünyanın bir çox seçilmiş hökumətləri ondan kənarda qalacaq”.

Məqalədə qeyd edilib ki, ABŞ və onun tərəfdaşları dəvət edilməyən ölkələrə qarşı ayrıseçkilik edərək özlərini ikiüzlülük və tərəfkeşlik ittihamlarında açıq hala gətirirlər:

“Misal üçün Hindistanı götürmək olar. Hindistan Baş nazir Narendra Modinin rəhbərliyi altında illərdir ki, yanlış istiqamətdə gedir. Hindistanın geriləməsinə nümunə, müxalifətin lideri Rahul Qandinin Baş naziri tənqid etdiyi üçün parlamentdən kənarlaşdırıldığı hadisəni göstərmək olar.
Qandi növbəti altı il ərzində keçiriləcək seçkilərdə iştirak edə bilməyəcək. Qərar Hindistanın bütün müxalif partiyalarının etirazına səbəb olub və Qandinin kənarlaşdırılması hətta “demokratiyanın qətli” kimi qiymətləndirilib”.

Vurğulanıb ki, ABŞ Hindistanı Çinə qarşı özünə müttəfiq kimi nəzərdən keçirdiyindən onun son illərdəki demokratik geriləməsinə fikir vermir.

“Bu ilin əvvəlində Hindistan hökuməti Baş naziri tənqid edən BBC-nin sənədli filmini qadağan etdi və Dövlət Departamenti buna susdu. Hindistan hökuməti ötən ay BBC ofisinə basqın etdiyi zaman da Dövlət Departamenti buna önəmsizmişcəsinə yanaşdı. Vaşinqtonun tərəfdaş hökumətlər qeyri-liberal və avtoritar davranışlar göstərdiyi zaman başqa yerə baxmağa dair geniş təcrübəsi var. Amma hökumətimizin “avtokratiya ilə böyük mübarizəsində” demokratiyanın önəmini tez-tez təriflədiyi indiki dövrdə bu davranışa məhəl qoymamaq olmur.”

Məqalədə qeyd olunub ki, demokratiyanı və mətbuat azadlığını açıq şəkildə və davamlı olaraq baltalayan Hindistan hökumətinin demokratiya sammitində təmsil olunması yöndəmsizlikdir:

“Hindistana bu cür tədbirdə iştirak etməyə icazə vermək Modiyə yardım edir ki, o, hökumətinin artan avtoritarizmindən və majoritar sui-istifadələrindən diqqəti yayındırsın. Bayden administrasiyası bu sammitlərlə hər nəyə nail olmağa ümid edirsə etsin, yəqin ki, siyasi müxalifəti əzən qeyri-liberal millətçiyə (maskalanmaq üçün) örtük təmin etmək onun məqsədlərindən biri deyil. Bayden administrasiyasının “demokratiya avtoritarizmə qarşı” ritorikası heç vaxt ABŞ xarici siyasətinə və beynəlxalq siyasi reallıqlara uyğun gəlməyib”.

Müəllif qeyd edib ki, ABŞ-ın bir çox yarım-avtoritar, avtoritar tərəfdaşları və müştəriləri var ki, onların heç birinin demokratiyanı müdfiə etməkdə marağı yoxdur:

“Dünyanın ritorik şəkildə müxalif düşərgələrə bölmək yerinə ABŞ rejim növündən asılı olmayaraq mümkün qədər çox ölkə ilə daha yaxşı əlaqələrin əsasını qoymalıdır. Digər demokratik ölkələrin təbii olaraq öz milli maraqları var və onlar öz maraqlarını sadəcə ABŞ və onun Avropa müttəfiqlərinin daha böyük ideoloji səbəblərinin xeyrinə qurban verməyəcək. ABŞ anlamalıdır ki, digər demokratiyaların hər bir önəmli məsələdə Vaşinqtonun yanında olmaq öhdəliyi yoxdur və qəbul etməlidir ki, oxşar (demokratik) hökumət formasına malik olmaq digər dövlətlərin dünyanı bizim hökumətimizin gördüyü kimi görməsinin zəmanəti deyil. Bir çox hallarda digər dövlətlər neytral qala və hətta əsas məsələnin digər tərəfini seçə bilərlər. Çünki onların hökumətləri öz seçiciləri nə istəyirsə onu edir. Əgər ABŞ digər demokratiyalara həqiqətən də hörmət edirsə, qəbul etməlidir ki, onlar vacib beynəlxalq hadisələrlə bağlı digər və hətta müxalif baxışları mənimsəyə bilərlər. Bizim liderlərimiz bütün demokratik dövlətlərin adından danışdıqlarına və ya öz seçimlərinin bütün demokratiyaların sahib olmalı olduğu seçimlər olduğuna inanaraq özlərini aldatmamalıdırlar”.

Müəllif qeyd edib ki, əgər demokratiya sammiti demokratik norma və prinsiplərin gücləndirilməsi, demokratik geriləmənin qarşısının alınması niyyəti daşıyıbsa buna o qədər də nail olunmayıb.

“Əgər bu, sadəcə olaraq öz sistemimizin üstünlüyünə görə özümüzü təbrik etmək üçün şou göstərməkdirsə, bu, vaxt və səy itkisidir”.

Sonda qeyd edilib ki, bütün bu qüsurları nəzərə alaraq növbəti demokratiya sammitinin keçirilməsi Vaşinqton üçün səbəb olacağı başağrılarına dəymir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR