Bayden administrasiyası şahzadə Salmanı "Qaşıqçı işi" üzrə toxunulmaz elan edib

Bayden administrasiyası şahzadə Salmanı "Qaşıqçı işi" üzrə toxunulmaz elan edib
# 18 noyabr 2022 12:06 (UTC +04:00)

Bayden administrasiyası Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana "Washington Post" qəzetinin öldürülən köşə yazarı Camal Qaşıqçının nişanlısı Hatice Cengiz tərəfindən məhkəmədə qaldırılan işlə bağlı toxunulmazlıq verilməli olduğunu müəyyən edib.

APA CNN-ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Ədliyyə Nazirliyinin vəkilləri tərəfindən Dövlət Departamentinin tələbi ilə məhkəməyə müraciət edilib.

Administrasiya bildirib ki, vəliəhd şahzadə və Səudiyyə Ərəbistanının faktiki kralı bin Salman bu yaxınlarda Səudiyyə Ərəbistanının Baş naziri təyin edilib və nəticədə xarici hökumət başçısı kimi toxunulmazlıq hüququ qazanıb.

“Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Məhəmməd bin Salman hökumətin hazırkı rəhbəridir və buna görə də bu iddiadan immunitetə malikdir”, - sənəddə deyilir.

Ədliyyə Nazirliyinin bu müraciət məcburi deyil və hakim toxunulmazlığın verilib-verilməməsi barədə qərar verəcək.

Xatırladaq ki, Qaşıqçının nişanlısı Hatice Cengiz və mərhum jurnalistin təsis etdiyi Vaşinqtonda yerləşən insan haqları təşkilatı DAWN 2020-ci ilin oktyabrında Vaşinqton Federal Dairə Məhkəməsində bin Salman və daha 28 nəfərə qarşı iddia qaldırıb. Onlar iddia edirlər ki, sui-qəsdçilər qrupu Qaşıqçını İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda “oğurlayıb, bağlayıb, narkotik maddə verib, işgəncə verib və öldürüb” və sonra onun cəsədini parçalara ayırıblar. Onun qalıqları heç vaxt tapılmayıb. İddiaya görə jurnalistin qətli ilə bağlı göstərişdə vəliəhd şahzadənin rolu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR