Kanada Çinin Sincan bölgəsindən 10 min uyğuru qəbul etməyə hazırdır

Kanada

© APA | Kanada

# 02 fevral 2023 16:34 (UTC +04:00)

Kanada Çinin Sincan bölgəsindən 10 min uyğuru qəbul edə bilər.

APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu" məlumat yayıb.

Bildirilir ki, Kanada parlamentinin İcmalar Palatası iki il ərzində Çinin Sincan bölgəsindən 10 min uyğur qaçqını qəbul etməyə çağıran qətnamənin ölkə rəhbərliyi tərəfindən qəbul olunması üçün səs verib.

Səsvermə zamanı məsləhət xarakterli və Kanada hökuməti üçün məcburi xarakter daşımayan qətnamənin qəbul edilməsinin lehinə Palatanın 322 üzvü səs verib, əleyhinə səs qeydə alınmayıb.

Qeyd olunub ki, təqdim edilən sənədin müəllifi Kanadanın hakim Liberal Partiyasından deputat Samir Zuberidir. Zuberi onu da vurğulayıb ki, üçüncü ölkələrə qaçan Sincan uyğurları və digər yerli türkdilli icmalar sonradan vətənlərinə qayıtmaq üçün Çin hakimiyyətinin təzyiqi və hədələri ilə üzləşirlər və Kanada hökuməti bunu etiraf etməyə çağırıb.

Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Şon Freyzer öz növbəsində bildirib ki, ölkəsi müdafiəyə ehtiyacı olanlara kömək etmək üçün hər zaman üzərinə düşəni edəcək: “Mən İcmalar Palatasının 1 fevral tarixində təsdiq etdiyi təklifdə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün bütün partiyaların üzvləri ilə əməkdaşlıq etməyə hazıram”.

Məlumatda o da deyilir ki, dünyanın müxtəlif insan haqları təşkilatları rəsmi Pekini 2017-ci ildən indiyə kimi bir milyondan çox müsəlman uyğur, qazax və digər türkdilli etnik qrupların nümayəndələrini həbs düşərgələrinə göndərməkdə ittiham edir.

Kanada İcmalar Palatası Çin hökumətinin uyğurlara, qazaxlara və Sincanda yaşayan digər yerli, əsasən də müsəlman xalqlarına qarşı rəftarını 2021-ci ilin fevralında soyqırımı kimi tanıyıb.

Çin hökuməti isə öz növbəsində ölkə rəhbərliyinə qarşı irəli sürülən bütün ittihamları rədd edir, Sincanda baş verənləri terrorizm və ekstremizmlə mübarizə tədbirləri adlandırır.

Xatırladaq ki, ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo vəzifədən getmədən öncə Çinin Sincan bölgəsində baş verənləri soyqırımı adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR