Kanada Ukraynaya 40-dan artıq aviasiya raketi tədarük edəcək

Kanada Ukraynaya 40-dan artıq aviasiya raketi tədarük edəcək
# 26 may 2023 15:17 (UTC +04:00)

Kanada hökuməti Ukraynaya hərbi yardım çərçivəsində özünün Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyatlarından 43 ədəd “AIM-9 Sidewinder” hava-hava tipli idarəolunan aviasiya raketləri tədarük edəcək.

APA xəbər verir ki, bu barədə Kanada milli müdafiə naziri Anita Anand Qərbin Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün yaratdığı çoxmillətli qrupun (EUCOM Control Center-Ukraine/International Donor Coordination Centre - ECCU/IDCC) iclasında bildirib.

Görüşdə videobağlantı vasitəsilə iştirak edən Anand həmçinin qeyd edib ki, aprel ayında elan edilən Ukraynaya silah və sursat yardımının çatdırılma prosesi plan üzrə gedir.

Kanada Müdafiə Nazirliyinin məlumatına görə, ötən ilin əvvəlindən Ukraynaya 8 milyard Kanada dollarından çox (təxminən 5,9 milyard dollar) yardım ayırıb və bu məbləğin 1 milyardı (təxminən 730 milyon dollar) hərbi yardım olub.

Ottava artıq Kiyevə müxtəlif silahlar və sursat təhvil verib, həmçinin yaxın həftələrdə 5,56 mm çaplı 1 milyon patron və əlavə pulemyotlar göndərəcək.

Kanada hökuməti Ukraynaya ümumilikdə 21 min atıcı silah və 2,4 milyon patron tədarük etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR