Qaribaşvili Ərdoğanı Gürcüstana dəvət edib - YENİLƏNİB

Qaribaşvili Ərdoğanı Gürcüstana dəvət edib - YENİLƏNİB
# 20 sentyabr 2022 09:09 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, ticari-iqtisadi əlaqələr, dünyada və Qafqaz regionunda təhlükəsizlik mühiti məsələləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, ölkələr arasında strateji tərəfdaşlığının mühüm nəticələri, yüksək səviyyəli ikitərəfli əlaqələrin siyasi dinamikası, Gürcüstan və Türkiyənin regional-geostrateji layihələrdə iştirakı və fəal əməkdaşlığı müzakirə edilib.

Ukraynada davam edən müharibə və bunun fonunda dünyada və regionda yaranmış çətin təhlükəsizlik vəziyyətinin də müzakirə edildiyi görüşdə regionun gələcək inkişafı və uzunmüddətli rifahının təmin edilməsi naminə sülh və sabitliyin vacibliyi vurğulanıb. Bu kontekstdə ötən il İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya toxunulub. Vurğulanıb ki, bu razılaşma əsasında Azərbaycan saxlanılan erməniləri azad edib, Ermənistan isə Azərbaycana mühüm xəritələr təhvil verib. Qeyd olunub ki, Gürcüstan və Türkiyə Respublikası arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi regionun sabit və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşdə İrakli Qaribaşvili Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib.

Səid Babazadə

***

02:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş BMT-nin 77-ci sessiyası çərçivəsində Nyu-York şəhərində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR