Trampın məsləhətçisi onun Qrenlandiyanı almaq ideyasında olduğunu təsdiqləyib

Trampın məsləhətçisi onun Qrenlandiyanı almaq ideyasında olduğunu təsdiqləyib
# 18 avqust 2019 23:46 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə aparıcı məsləhətçisi Larri Kudlou Ağ Ev tərəfindən planetin ən böyük adası Qrenlandiyanın alınması imkanlarının gözdən keçirilməsinə dair yayılan məlumatları təsdiqləyib. Baxmayaraq ki, artıq adanın məxsus olduğu Danimarka hökuməti belə bir məsələnin müzakirə olunmadığını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı siyasi xadim belə bir açıqlamanı “Fox News” telekanalına müsahibəsində deyib.

“Vəziyyət inkişaf edir, biz bunu araşdırırıq. Qrenlandiya Danimarkaya məxsusdur. Danimarka da bizim müttəfiqimizdir, Qrenlandiya isə - strateji bir yerdir... Sadəcə onu bildirirəm ki, daşınmaz əmlak alqı-satqısından anlayışı olan prezident bu məsələni dəqiqləşdirmək istəyir”, - deyə Kudlou qeyd edib.

Bir neçə gün əvvəl “Wall Street Journal” nəşrinin Ağ Evdəki mənbələrə istinadən yazdığına görə, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın alınması ideyasını gözdən keçirir. Müzakirə edilən məsələlər sırasında Amerikanın hərbi gücünün Arktikada genişlənməsi ideyası da yer alır.

Nəşr xatırladır ki, bu, Vaşinqtonun Qrenlandiyanı alması ilə bağlı ilk cəhdi deyil. II Dünya Müharibəsindən sonra prezident Harri Trumen adanın qarşılığında Danimarkaya 100 milyon dollar təklif etmiş, ancaq rədd cavabı almışdı.

Qeyd edək ki, cümə günü Qrenlandiyanın Xarici İşlər Nazirliyi adanın biznes və turizm üçün açıq olduğunu, ancaq satılmadığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR