Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
# 16 sentyabr 2022 02:31 (UTC +04:00)

Vaşinqtonda Türkiyə-ABŞ Strateji Mexanizminin üçüncü raund məsləhətləşmələri Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin müavini Vendi Şermanın sədrliyi ilə keçirilib.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Məsləhətləşmələrdə ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə dövlət katibinin müavini Viktoriya Nuland da iştirak edib.

Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, Türkiyə ilə ABŞ arasında köklü tərəfdaşlıq münasibətlərinə və Mexanizm çərçivəsindəki əvvəlki görüşlərə əsaslanaraq, iki NATO müttəfiqi arasında güclü əməkdaşlıq təsdiq edilib, ikitərəfli əlaqələr, qlobal problemlər və strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tərəflər Türkiyə ilə ABŞ arasında dünyanın müxtəlif regionlarında, o cümlədən Yaxın Şərq və Afrikada mümkün əməkdaşlıq imkanlarını dəyərləndirib, Cənubi Qafqazda sülhün təşviq edilməsinin vacibliyini vurğulayıblar.

“Tərəflər regionda baş verən siyasi prosesləri müzakirə edib, transatlantik əlaqələrin möhkəmləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıb, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizənin zəruriliyini vurğulayıblar.

Nümayəndə heyətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü güclü dəstəklədiklərini bir daha vurğuladılar və NATO-nun birliyinin və onlar arasında koordinasiyanın daha da gücləndirilməsi imkanlarını müzakirə etdilər. ABŞ Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsi üçün İstanbul razılaşmasının həyata keçirilməsində Türkiyənin vasitəçilik səylərindən məmnunluğunu ifadə edib”, - deyə bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR