ÜST: Koronavirusua yoluxma 28, ölüm hallarının sayı isə 22 faiz azalıb

ÜST: Koronavirusua yoluxma 28, ölüm hallarının sayı isə 22 faiz azalıb
# 15 sentyabr 2022 06:57 (UTC +04:00)

Ötən həftə ərzində dünyada koronovirus infeksiyasına 3,1 milyondan çox yoluxma faktı qeydə alınıb, 11 minə yaxın insan ölüb.

APA Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatlarına istinadla xəbər verir ki, ötən yeddi gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı sentyabrın 5-dən 11-dək 28 faiz, ölüm hallarının sayı isə 22 faiz azalıb.

Xəstəliyə yoluxma hallarının sayında əhəmiyyətli dərəcədə azalma Qərbi-Sakit Okean regionu (36 faiz), Afrika (33 faiz) və Amerikada (27 faiz) qeydə alınıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Avropa (31 faiz), Cənubi-Şərqi Asiya (25 faiz) və Amerikada (22 faiz) azalıb. Eyni zamanda ölüm hallarının sayı Afrikada (10 faiz) artıb.

ÜST-nin məlumatına görə, Yaponiya həftə ərzində ən çox - 537 181 yoluxma halı haqqında məlumat verib. Ondan sonra Koreya Respublikası (435 695), ABŞ (430 048), Rusiya (337 187) və Çin (263 288) yer alıblar. ABŞ-da yeddi gün ərzində ən çox - 2 306 ölüm halı qeydə alınıb. Daha sonra Yaponiya (1 681), Rusiya (637), Braziliya (551) və Filippin (440) qərarlaşıb.

Sentyabrın 13-nə olan məlumata görə, ÜST-ə pandemiya başlayandan bəri 606 459 140 yoluxma halı və 6 495 110 ölüm haqqında məlumat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR