Dünyanın bu günü - 03.07.2021

# 00:01
3 iyul 2021

BAKI METROSUNDA PARTLAYIŞ

(1994)

 

3 iyul 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanları Bakı Metropolitenində terror aktı həyata keçirib. Metronun “28 may” və “Gənclik” stansiyaları arasında olan qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Bu, həmin ilin 19 mart tarixində törədilən və 14 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnən hadisədən sonra ikinci terror aktı olub. İstintaqla müəyyən edilib ki, Ermənistan xüsusi xidmət orqanları əsirlikdə olan Azər Aslanov adlı Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edib. Onun İrəvana dəvət olunan anası girov götürülüb və yalnız metro partladıldıqdan sonra azadlığa buraxılacağı bildirilib. Çıxılmaz vəziyyətdə qalan Azər Aslanov bu təkliflə razılaşıb və Bakıya gələrək metroda terror aktı törədib. 1997-ci ildə Moskvada yaxalanan Azər Aslanov Azərbaycana ekstradisiya edilib və məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum olunub.

 

 

FRANS KAFKA

(1883-1924)

 

XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri, alman dilli Avstriya yazıçısı Frans Kafka 1883-cü il iyulun 3-də Çexiyanın Praqa şəhərində yəhudi ailəsində anadan olub. Praqadakı Alman Gimnaziyasında və Karl-Ferdinand Universitetində təhsil alıb. Vəkil təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlib. “Məhkəmə”, “Yanvarçı”, “Çevrilmə”, “Cəza müstəmləkəsi”, “Kənd həkimi” və “Milenaya məktublar” kimi əsərlərin müəllifidir. Frans Kafka 1924-cü il iyunun 3-də Avstriyada vərəm xəstəliyindən vəfat edib.

 

 

ZÖHRAB ADIGÖZƏLZADƏ

(1940-2012)

 

Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə 3 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent və professor kimi fəaliyyət göstərib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Zöhrab Adıgözəlzadə 2012-ci il mayın 24-də vəfat edib. O, Azərbaycan pianoçusu, xalq artisti Murad Adıgözəlzadənin atasıdır.

 

 

RAMİZ SƏRKƏROV

(1959-2007)

 

Aktyor və prodüser Ramiz Beqay oğlu Sərkərov 1959-cu ilin bu günü Qax rayonunda anadan olub. 1980-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Əmək fəaliyyətinə texniki işçi kimi başlasa da, sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif tamaşalarda çıxış edib. “Apardı sellər Saranı”, “Məhəllə”, “Yol yoldaşları”, “Cavid ömrü “ və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Ramiz Sərkərov 17 aprel 2007-ci ildə Bakıda vəfat edib və Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

 

 

LEYLA ƏLİYEVA

(1984)

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla İlham qızı Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun magistratura pilləsində təhsil alıb, burada Azərbaycanlılar Klubunun sədri olub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, IDEA ictimai birliyinin təsisçisi və sədridir. Rəssamlıq və rejissorluq kimi sahələrlə məşğul olmaqla yanaşı, şeirlər də yazır. Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin nəvəsi, Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın qızı, prodüser Arzu Əliyevanın bacısıdır. İki oğlu, bir qızı var.

 

 

FƏRHAD ATAKİŞİYEV

(1970-1992)

 

Şəhid Fərhad Rəhman oğlu Atakişiyev 1970-ci il iyulun 3-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq, Şıxov könüllülər batalyonuna yazılıb və özünümüdafiə dəstəsinin bələdçisi olub. 1991-ci il dekabrın 26-da erməni silahlı qüvvələri güclü texnika ilə Kərkicahana hücum edib. Fərhad Atakişiyev dekabrın 27-dən 28-ə keçən gecə qeyri-bərabər döyüşdə 8 könüllü əsgərlə ilə birlikdə mühasirəyə düşərək əsir alınıb və çoxsaylı işgəncələrdən sonra 28 yanvar 1992-ci ildə xüsusi qəddarlıqla qətlə yetirilib. Onun meyiti qarşı tərəfdən alınıb və Ağcabədi şəhərində dəfn olunub. Azərbaycan Prezidentinin 28 iyul 2009-cu il tarixli sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

 

SAMİR ZÜLFÜQAROV

(1976-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olub. Səkkizinci sinfə qədər burada təhsil alıb, ailə vəziyyəti ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləyib. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı martın 17-də həlak olub və Şabran rayonunun Ağbaş kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

ƏBÜLFƏZ RƏHMƏTOV

(1989-2020)

 

Şəhid Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 1989-cu ilin bu günü Lerik rayonunun Anbu kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2016-cı ilin Aprel, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Əbülfəz Rəhmətov oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi 2021-ci il mayın 7-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

XALİD NƏCİYEV

(1992-2020)

 

Şəhid Xalid Qabil oğlu Nəciyev 3 iyul 1992-ci ildə Gəncədə anadan olub. Gəncə Dövlət Universitetində təhsil alıb. Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələr şöbəsində işləyib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

NURLAN HÜSEYNOV

(1992-2020)

 

Şəhid Nurlan Madər oğlu Hüseynov 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı il Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. "Kəşfiyyat Qartalı" ləqəbi ilə tanınan gizir Nurlan Hüseynov oktyabr 14-də Hadrut döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RAQİB HÜSEYNOV

(1993-2020)

 

Şəhid Raqib Adil oğlu Hüseynov 1993-cü ilin bu günü Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Raqib Hüseynov sentyabrın 29-da Talış kəndi uğrunda gedən döyüşdə şəhid olub və Naxçıvan şəhərində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

ANAR VƏLİZADƏ

(1994-2020)

 

Şəhid Anar Afət oğlu Vəlizadə 3 iyul 1994-cü ildə Salyan rayonunun Cəngan kəndində anadan olub. Kürqaraqaşlı kənd orta məktəbində təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş çavuş Anar Vəlizadə noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELSEVƏR ƏHƏDZADƏ

(1995-2020)

 

Şəhid Elsevər Ağacan oğlu Əhədzadə 1995-ci il iyulun 3-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Bir neçə tikinti şirkətində ixtisası üzrə çalışıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elsevər Əhədzadə oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SÜLEYMAN QARAYEV 

(1995-2020)

 

Şəhid Süleyman Əlbağış oğlu Qarayev 1995-ci ilin bu günü Sabirabad rayonunun Qalağayın kəndində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Süleyman Qarayev oktyabrın 7-də Ağdam istiqamətində döyüş zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

EMİL ŞAMİLOV

(1996-2020)

 

Şəhid Emil Rafiq oğlu Şamilov 3 iyul 1996-cı ildə Bakıda anadan olub. 11 yaşından peşəkar idmanla məşğul olub. Karate üzrə 12 dəfə Azərbaycan, 1 dəfə Avropa və 1 dəfə Dünya çempionu olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Emil Şamilov oktyabrın 27-də şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

VÜSAL HƏSƏNOV

(1997-2020)

 

Şəhid Vüsal Ariz oğlu Həsənov 1997-ci il iyulun 3-də Bakıda anadan olub. Azərbaycan Dövlət Dəmir Yolu Liseyində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Vüsal Həsənov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

MURAD MAYILOV

(1998-2020)

 

Şəhid Murad Gülümxan oğlu Mayılov 1998-ci ilin bu günü Qobustan rayonunun Nabur kəndində anadan olub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Murad Mayılov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

ŞAHİN TAĞIYEV 

(2000-2020)

 

Şəhid Şahin Rəhim oğlu Tağıyev  3 iyul 2000-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik gizir Şahin Tağıyev oktyabrın 20-də Hadrut döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MÜSLÜM VƏLİYEV

(2001-2020)

 

Şəhid Müslüm Vəliağa oğlu Vəliyev 2001-ci il iyulun 3-də Bakının Şüvəlan qəsəbəsində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Müslüm Vəliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

CƏLAL İSLAMOV

(2001-2020)

 

Şəhid Cəlal Ağahüseyn oğlu İslamov 2001-ci ilin bu günü doğulub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Cəlal İslamov oktyabrın 8-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

ELCAN MURADOV

(2001-2020)

 

Şəhid Muradov Elcan Eldəniz oğlu 3 iyul 2001-ci ildə Gəncə şəhərində doğulub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elcan Muradov oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HƏMDULLA ƏFƏNDİ

(1870-1929)

 

Bolşeviklərə qarşı Quba üsyanının başçısı Həmdulla Əfəndinin xatirə günüdür. O, 1870-ci ildə Quba qəzasında, indiki Şabran rayonunun Qələgah kəndində doğulub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə alıb, ikisinifli rus məktəbini bitirib. Ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnak vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərib. Azərbaycanın siyasi həyatında yaxından iştirak edib və "İttihad" Partiyasının fəal üzvlərindən olub. Cümhuriyyət parlamentinə deputat seçilib. 1920-ci il avqustun 23-də bolşevik işğalına qarşı başlayan Quba üsyanının əsas rəhbərlərindən biri olub. Sentyabrın 10-da üsyanın qan içində boğulmasından sonra Şamaxı ilə həmsərhəd olan yüksək dağ kəndlərinə çəkilib və bir neçə il təqib edilib. Həmdulla Əfəndi 25 oktyabr 1928-ci ildə həbs edilib və 1929-cu ilin iyulunda Nargin adasında güllələnib.

 

 

OSMAN SARIVƏLLİ

(1905-1990)

 

Xalq şairi Osman Sarıvəllinin anım günüdür. Osman Abdulla oğlu Qurbanov 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlib. 1926-cı ildə Qazax Müəllimlər Seminariyasını, 1932-ci ildə Moskva Dövlət Universitetini bitirib. İkinci Dünya müharibəsi illərində müxbir işləyib. «Dəmir sətirlərim», «Ömrün keçən günləri», «Sabahı yaradanlar», «Hər kim yüz il yaşamasa», «Mən sabaha gedirəm», «Bizim babalar», «Bizim nəvələr» və başqa kitabların müəllifidir. Xalq yaradıcılığının təbliği, aşıq ədəbiyyatının tədqiqi sahəsində xidmətləri olub. Nizami, Xaqani, Viktor Hüqo, Puşkin və başqalarının bəzi əsərlərini, Sofoklun «Antiqona» faciəsini dilimizə tərcümə edib. Osman Sarıvəlli 1990-cı ilin iyulunda Bakıda dünyasını dəyişib.

 

 

KAMAL SUNAL

(1944-2000)

 

Türkiyənin məşhur teatr və kino aktyoru Əli Kamal Sunalın xatirə günüdür. O, 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. Memar Sinan məktəbində və Mərmərə Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Karyerası boyunca 82 filmdə yaddaqalan obrazlar yaradıb. Əsasən komediya janrında filmləri ilə populyarlıq qazanıb və xalq arasında “Şaban” adı ilə tanınıb. 1977-ci ildə “Qızıl Portağal” mükafatına layiq görülüb. Kamal Sunal 2000-ci ilin iyulunda təyyarədə ürək tutmasından vəfat edib və İstanbulda dəfn olunub.

 

 

KOROĞLU RƏHİMOV

(1953-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Koroğlu İsmayıl oğlu Rəhimov da bu gün xatırlanır. O, 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb. Qarabağ müharibəsi başlayandan sonra 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılıb və “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilib. Buzlaq, Çantaz, Erkəc, Başkənd, Madagiz və Gülüstan kəndlərinin azad olunmasında iştirak edib. Koroğlu Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə uğrunda döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. 1994-cü il sentyabrın 16-da “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

ETİBAR BABAYEV

(1967-2020)

 

Azərbaycanın əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayevin anım günüdür. O, 1967-ci ildə Bakıda anadan olub. Azərbaycan Televiziyasında 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. AzTV-nin Bədii rəhbəri, Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru olub. Məşhur “Kinoklub” televiziya layihəsinin yaradıcısı və rəhbəri, “Ana və poçtalyon”, “Xocalı yol gözləyir” və başqa bədii, sənədli filmlərin ideya müəllifi və layihə rəhbəri olub. Etibar Babayev 2020-ci il iyulun 3-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR