Dünyanın bu günü - 07.05.2021

# 00:01
7 may 2021

İBRAHİM AĞA VƏKİLOV

(1853-1934)

 

Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, ilk hərbi bayrağımızın tərtibçisi, Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi, general-mayor, milli topoqrafiya məktəbinin yaradıcısı İbrahim ağa Paşa ağa oğlu Vəkilov 1853-cü il mayın 7-də keçmiş Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Tiflisdəki 3-cü Mejavoy Hərbi Gimnaziyasında, Peterburqdakı hərbi topoqrafiya məktəbində təhsil alıb. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışıb, Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə, Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edib. Bosforun hərbi xəritəsini hazırlayıb. Xidmətlərinə görə Çar Rusiyasının “Müqəddəs Anna”, “Müqəddəs Stanislav”, “Müqəddəs Vladimir” və İranın "Şire-Xorşid" ordenləri ilə mükafatlandırılıb. Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxs olan İbrahim ağa Vəkilov Cümhuriyyət dövründə Gəncənin general-qubernatoru olub. O, 1934-cü il iyunun 2-də Bakıda vəfat edib.

 

 

RABİNDRANAT TAQOR

(1861-1941)

Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor 1861-ci il mayın 7-də Kəlküttə şəhərinin şimalında Corasanko qəsrində zəngin brahman ailəsində anadan olub. Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil alıb. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi tanınan şair çoxsaylı poema, pyeslərin və nəsr əsərlərinin, ilk benqal romanının müəllifidir. 70 yaşında özünü rəssam kimi sınayaraq, Nyu-York, Paris, Moskva, Münhen kimi şəhərlərdə rəsm əsərlərini nümayiş etdirib. Rabindranat Taqor 1941-ci il avqustun 7-də doğulduğu Corasanko qəsrində vəfat edib.

 

 

ƏZİM ƏZİMZADƏ

(1880-1943)

 

Azərbaycanın xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə 1880-ci il mayın 7-də indiki Novxanı kəndində dünyaya gəlib. Rus-tatar məktəbində təhsil alıb, Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, direktor vəzifələrində çalışıb. "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və başqa jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" və başqa əsərlərin müəllifidir. O, satirik şair Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoyub. Əzim Əzimzadə 1943-cü il iyunun 15-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Bakı Rəssamlıq Texnikumu və Bakı küçələrindən biri onun adını daşıyır.

 

 

MÜSLÜM GURSƏS

(1953-2013)

 

Türkiyəli musiqiçi, müğənni Müslüm Gursəs 7 may 1953-cü ildə Şanlıurfanın Halfeti qəsəbəsinin Fıstıqözü kəndində anadan olub. Üç yaşında ikən ailəsi ilə Adanaya köçüb. Müğənniliyə 1965-ci ildə başlayıb. 1969-cu ildə Adana Ailə Çay Bağçasında hazırlanmış yarışa qatılıb və birinci olub. İlk albomunu 1968-ci ildə buraxıb. 39 filmdə yaddaqalan obrazlar yaradıb. Müslüm Gursəs 3 mart 2013-cü ildə İstanbulda dünyasını dəyişib və Zincirliquyu qəbiristanlığında dəfn edilib.

 

 

HACIAĞA ABBASOV

(1888-1975)

 

Azərbaycanın xalq artisti, aktyor, teatr təşkilatçısı, dramaturq Hacıağa Mütəllib oğlu Abbasovun anım günüdür. O, 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. 1906-1909-cu illərdə Mahaçqalada pedaqoji təhsil alıb. "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat" və "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə, Akademik Milli Dram Teatrında aktyorluq edib. Akademik Dram Teatrında və Bakı Teatr Məktəbində direktor işləyib. Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıb, özü direktor olub. Bir sıra tamaşa, operetta və filmlərdə yaddaqalan obrazlar yaradıb. Hacıağa Abbasov 7 may 1975-ci ildə Bakıda dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

BƏDURƏ ƏFQANLI

(1912-2002)

 

İlk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi, xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı 7 may 2002-ci ildə vəfat edib. O, 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumuna daxil olub. Daha sonra 1931-ci ildə Bakı Rəssamlıq Məktəbini bitirib. Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam, Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam, 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşaları, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Bir çox əsərləri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır.

 

 

MUXTAR DADAŞOV

(1913-1998)

 

Azərbaycanın xalq artisti, rejissor, kinooperator, ssenarist, Dövlət Mükafatı laureatı Muxtar Baba oğlu Dadaşov 1998-ci ilin bu günü vəfat edib. O, 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib və orada bir sıra filmlərin çəkilişində iştirak edib. Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olub. 50 ildən çox kinoya xidmət edən Muxtar Dadaşov 1977-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.

 

 

ƏNVƏR ƏLİBƏYLİ

(1916-1968)

 

Şair, tərcüməçi, ictimai xadim Ənvər Əliverdi oğlu Əlibəyli 7 may 1968-ci ildə dünyasını dəyişib. O, 1916-cı il aprelin 1-də Bakıda anadan olub. Əvvəl Tibb Texnikumunda, sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışıb. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə gedib. 1944-cü ildə ağır yaralandıqdan sonra Bakıya qayıdıb, yaradıcılıqla məşğul olub. “Qaranquş” adlı ilk şeirlər kitabı 1947-ci ildə işıq üzü görüb. "Vətən uğrunda" jurnalında məsul katib, sonra Azərbaycan KP MK-da təlimatçı, "Təbliğat" jurnalının, "Ədəbiyyat" qəzetinin redaktoru, "İnqilab və mədəniyyət" jurnalında şöbə müdiri olub. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifəsində işləyib, SSRİ Ali Sovetinin deputatı olub.

 

 

XANIMANA ƏLİBƏYLİ

(1920-2007)

 

Yazıçı Xanımana Sabir qızı Əlibəyli 7 may 2007-ci ildə vəfat edib. O, 1920-ci il aprelin 20-də Bakının Keşlə kəndində dünyaya göz açıb. Bakıdakı 13 nömrəli orta məktəbi bitirdikdən sonra 16 yaşında ikən Bakıda Tibb İnstitutuna daxil olub. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. İlk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlayıb. "Balaca həkim" adlı birinci kitabı 1955-ci ildə çap olunub. 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. Uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir.

 

 

FƏRMAN SÜLEYMANOV

(1980-2000)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fərman Salman oğlu Süleymanov 7 may 2000-ci ildə Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olub. O, 18 noyabr 1980-ci ildə anadan olub. 4 yanvar 1999-cu ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. Fərman Süleymanov Hacıqabul şəhərində dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR