Dünyanın bu günü - 08.04.2021

# 00:01
8 aprel 2021

AĞDABAN SOYQIRIMI

(1992)

 

Ermənilərin Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsinin ildönümüdür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb. 779 dinc sakinə divan tutulub, 67 nəfər müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

 

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

 

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ tərəfində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

 

 

DADAŞ BÜNYADZADƏ

(1888-1938)

 

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, sovet partiya və dövlət xadimi Dadaş Xoca oğlu Bünyadzadə 8 aprel 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olub. İlk təhsilini 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda alıb, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirib. Kursu bitirdikdən sonra dəmirçi işləməklə yanaşı, axşam kurslarında türk dilindən dərs verib, türkdilli qəzetlərlə əməkdaşlıq edib, müxtəlif qəzetlərdə redaktor vəzifəsində çalışıb. 1911-ci ilin sonlarında Bakıda bir neçə qəzet redaktoru ilə birlikdə həbs olunub və Türküstana sürgün edilib. 1912-ci ildə sürgün vaxtı amnistiyaya düşərək Bakıya qayıdıb. 1912-1916-cı illərdə Bakıda daş karxanalarının birində işləsə də, qəzetlərdə başqa imzalarla məqalələr dərc etdirib. 1917-ci ilin Fevral burjua inqilabından sonra Nərimanov Nərimanovun sədrlik etdiyi “Hümmət” təşkilatının katibi seçilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müvəqqəti İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR-in xalq maarif komissarı, ZSFSR xalq torpaq komissarı və s. vəzifələrdə çalışıb. Dadaş Bünyadzadə repressiyaya məruz qalıb və həbs edilərək 1938-ci ilin martın 19-da güllələnib.

 

 

EYNULLA CƏBRAYILOV

(1935-1992)

 

Azərbaycan xanəndəsi Eynulla Eynulla oğlu Cəbrayılov 1935-ci ilin bu günü Kürdəmir rayonunun Şüşün kəndində anadan olub. Şirvan musiqi mühitində yetişib, bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnərək muğam sənətinin sirlərinə yiyələnib. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınıb. Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə yadda qalıb. O, “Nazlana-nazlana”, “Bala nərgiz”, “Kimə yalvarım” və s. xalq mahnılarını böyük şövqlə oxuyan ifaçı kimi məşhurlaşıb. Onun ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah” və başqa muğamlar Azərbaycan Televiziyasının “Qızıl Fond”unda saxlanılır. 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət Evində çalışan Eynulla Cəbrayılov 14 sentyabr 1992-ci ildə dünyasını dəyişib.

 

 

YAQUB ZURUFÇU

(1956)

 

Azərbaycanın əməkdar artisti, tanınmış vokalist və müğənni Yaqub Zurufçu 1956-cı ilin bu günü Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayıb. Elə o illərdə Təbrizdə "Cücələrim" mahnısı ilə uşaq proqramında iştirak edib. 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnısını ifa edib. 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlayıb. 1979-cu ildə baş verən İslam inqilabından 1 il sonra İranı tərk edib. Almaniyaya köçən müğənni Hamburq şəhərində musiqi təhsilinə başlayıb və vokal sənəti üzrə diplom alıb. Daha sonra ABŞ-ın Mayami Universitetindən vokal sənəti üzrə məzun olub. 1989-cu ildə Azərbaycanın xalq artisti Gülağa Məmmədov Almaniyaya səfəri zamanı Yaqub Zurufçu ilə tanış olub, geri qayıdarkən onun “Ayrılıq” mahnısına çəkmiş olduğu klipi vətənə gətirib və televiziyada yayımlayıb. Bundan sonra Quzey Azərbaycanda böyük populyarlıq qazanan müğənni Bakıya səfər edərək Azadlıq meydanında konsert verib. 15 iyul 2009-cu ildə Azərbaycan vətəndaşlığı alan Yaqub Zurufçu ailəlidir, 3 övladı var.

 

 

GÜLÜSTAN ƏLİYEVA

(1967)

 

Azərbaycanın əməkdar artisti, opera müğənnisi Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğul olub, "Pionerlər Evi"ndə musiqi təhsili alıb. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub. 1982-ci ildə Yevlaxdan Bakıya - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub. 1990-cı ildə Konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib. 1997-ci ildən Akademik Opera və Balet Teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimi olan Gülüstan Əliyeva Prezident Mükafatına layiq görülüb. Həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olub.

 

 

RƏŞAD MƏMMƏDOV 

(1987-2020)

 

Şəhid Rəşad Asif oğlu Məmmədov 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub.  116 nömrəli tam orta məktəbdə, 14 saylı Peşə Liseyində təhsil alıb. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Qubadlı, Füzuli və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Gizir Rəşad Məmmədov noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə komandiri olduğu döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olub və Əhmədli qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

CEYHUN NÜSRƏTLİ

(1995-2020)

 

Şəhid Ceyhun Aqil oğlu Nüsrətli 1995-ci ilin bu günü Bakıda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsində təhsil alıb. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Əsgər Ceyhun Nüsrətli sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

PABLO PİKASSO 

(1881-1973)

 

Mənşəcə ispan olan dünya şöhrətli fransız rəssamı, heykəltəraş, qrafik, keramist və dizayner Pablo Pikassonun xatirə günüdür. O, 25 oktyabr 1881-ci ildə Malaqada dünyaya gəlib. Səkkiz yaşında ikən özünün ilk ciddi əsəri olan “Pikador”u yaradıb. 1894-1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alıb. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olub. 1897-ci ilin sentyabr ayında Madridə yollanaraq San-Fernand Akademiyasına daxil olub. Jorj Brakla birlikdə kubizm cərəyanının banisi sayılır. 1902-ci ilin əvvəllərində sonralar “mavi dövr” adlandırılacaq üslubda əsərlər işləməyə başlayıb. 1904-cü ildən Parisdə məskunlaşıb və bundan sonra "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılıb. Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir. XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri sayılan Pablo Pikasso 8 aprel 1973-cü ildə Fransanın Müjen şəhərində dünyasını dəyişib.

 

 

MƏHƏMMƏD AZƏR ARAN

(1911-1993)

 

Müsavat Partiyasının IV başqanı Məhəmməd Azər Aranın anım günüdür. O, 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsində anadan olub. 1920-ci ildə məktəbi bitirdikdən sonra İrandan keçməklə Türkiyəyə gedib. İstanbulda hərbi tibb fakültəsini bitirib. Burada olarkən Azərbaycan milli hərəkatının böyük ideoloqu Məhəmməd Əmin Rəsulzadə ilə yaxından tanış olub. Sonradan nevrologiya sahəsində ixtisaslaşaraq hərbi həkim kimi fəaliyyət göstərib, polkovnik rütbəsinə qədər yüksəlib, hərbi xəstəxanalarda baş həkim olub. Öz arzusu ilə təqaüdə çıxdıqdan sonra 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində yaxından iştirak edib. 1981-ci il noyabrın 19-da Müsavat Partiyasının III başqanı Kərim Odərin vəfatından sonra Müsavat Partiyasının başqanı olub. Böyük milli mücahid Məhəmməd Azər Aran 1993-cü il aprelin 8-də Ankarada vəfat edib və Karşıyaka məzarlığında dəfn edilib.

 

 

MARQARET TETÇER

(1925-2013)

 

Britaniyalı siyasətçi, Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri olan Marqaret Tetçerin anım günüdür. O, 13 oktyabr 1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində protestant tacir ailəsində anadan olub. 1947-ci ildə Oksford Universitetinin Somerville kollecindən məzun olduqdan sonra kimya sektorunda işləmək üçün Kolçesterə köçüb. 1959-cu ildə ilk dəfə parlamentə üzv seçilib, 1975-ci ildə Mühafizəkarlar Partiyasına rəhbərlik etməyə başlayıb. 1979-cu il seçkilərində isə qələbə qazanaraq 1990-cı ilə qədər Böyük Britaniya hökumətinə rəhbərlik edib. 1951-ci ildə yenicə tanış olduğu Denis Tetçer ilə evlənib və bu evlilikdən əkiz övladları dünyaya gəlib. “Dəmir ledi” ləqəbi ilə tanınan Marqaret Tetçer 2013-cü ildə Londonda vəfat edib.

 

 

AĞASƏLİM ÇILDAQ

(1930-2008)

 

“Şöhrət” ordenli meyxana ustası Ağasəlim Çıldaq da bu gün xatırlanır. Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olub. Uzun illər meyxana ilə peşəkar səviyyədə məşğul olub və davamçılarını yetişdirib. Ağasəlim Çıldaq 8 aprel 2008-ci ildə Maştağada dünyasını dəyişib.

 

 

ŞƏHRİYAR MƏMMƏDOV

(1988-2013)

 

Şəhid Şəhriyar Bayramqulu oğlu Məmmədovun xatirə günüdür. O, 1988-ci il dekabrın 28-də Babək rayonunun Qahab kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Leytenant Şəhriyar Məmmədov 2013-cü il aprelin 8-də Ağdam rayonunun Kəngərli kəndi istiqamətində işğalçı Ermənistan ordusunun təxribatı nəticəsində  şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR