Dünyanın bu günü - 10.03.2021
MİLLİ TEATR GÜNÜ
(1873)
Martın 10-u Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 1873-cü il martın 10-da Həsən bəy Zərdabinin rəhbərliyi, Nəcəf bəy Vəzirovun və Əsgər ağa Goraninin təşkilatçılığı ilə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən “Nəciblər Klubu”nda səhnələşdirilən bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bir neçə ay sonra teatr həvəskarları yenə də Mirzə Fətəli Axundovun yaradıcılığına müraciət edərək, “Hacı Qara” pyesini tamaşaya qoyublar. Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən, hər il martın 10-u Azərbaycanda “Milli Teatr Günü” kimi qeyd olunur.
QƏMƏR ALMASZADƏ
(1915-2006)
Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin doğum günüdür. O, 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılıb. 1930-cu ildə xoreoqrafiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. Bu arada həmçinin ali pedaqoji məktəbə də daxil olub. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilib. 1933-cü ildə indiki Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıtdıqdan bir il sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyub. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyib və daha sonra həmin məktəbin direktoru olub. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edib. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb. 1931-ci ildə Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə evlənib, lakin övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanıblar. Qəmər Almaszadə 2006-cı il aprelin 7-də Bakı şəhərində dünyasını dəyişib.
CANƏLİ ƏKBƏROV
(1940)
Azərbaycanın xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Muğamın sirlərini atasından öyrənib, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyərək ifaçılıq qabiliyyətini təkmilləşdirib. 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. İfa etdiyi bütün muğamlar vallara və disklərə yazılıb. Canəli Əkbərov hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
ELDAR İSMAYIL
(1942-2020)
Azərbaycanın əməkdar jurnalisti, şair və publisist Eldar Ələsgər oğlu İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil alıb. Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda", "Göyçənin qisası qalır", "Səttar oğlu", "Ağrı dağı qədər ağrılarım var" və başqa əsərlərin müəllifidir. Eldar İsmayıl 2021-ci il fevralın 20-də Bakıda vəfat edib. O, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun qardaşıdır.
ÜSAMƏ BİN LADEN
(1957-2011)
“Əl-Qaidə” terror təşkilatının qurucusu və ilk rəhbəri Üsamə bin Laden 10 mart 1957-ci ildə Ər-Riyadda 54 uşaqlı ailənin 53-cü övladı olaraq dünyaya gəlib. Atası Məhəmməd bin Avad bin Laden Yəməndə doğulsa da, sonradan Ciddəyə köçüb və tikinti işləri ilə məşğul olaraq milyonçuya çevrilib. Anası Həmidə əl-Attas isə Məhəmməd bin Ladenin onuncu həyat yoldaşı olub. Məhəmməd 1968-ci ildə qəzada həyatını itirən zaman övladlarına 11 milyard dollarlıq bir miras qoyub. Gənc yaşlarında “Müsəlman Qardaşları” hərəkatının ideyalarının təsiri altına düşən Üsamə 1979-cu ildə Pakistana üz tutaraq, Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olub. 1992-ci ildə Səudiyyə Ərəbistandan qovulduqdan sonra Sudanda yaşamağa başlayıb. ABŞ-ın təzyiqi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək, burada “Əl-Qaidə” terror təşkilatını gücləndirib. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinə bombalı hücumlardan sonra Federal Təhqiqat Bürosu tərəfindən ən çox axtarılan terrorçular siyahısına daxil edilib. Terrorçuluq fəaliyyətinin zirvəsi 2001-ci ildə Nyu-Yorkda baş verən 11 sentyabr hücumları sayılır. Üsamə bin Laden 2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində gizləndiyi evdə ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən gizli əməliyyat nəticəsində qətlə yetirilib.
VÜQAR MÜRSƏLOV
(1963-1992)
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Vüqar Mirəzbər oğlu Mürsəlov
10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı Texniki Peşə Məktəbində təhsilini davam etdirib. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq, oranı əla qiymətlərlə başa vurub. Hərbi xidmətini Belarusun Brest şəhərində keçirib və qvardiya baş çavuşu, tankçı ixtisası ilə ordudan tərxis olunub. Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib və Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Vüqar Mürsəlova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilib, şəhərin mərkəzində büstü qoyulub. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.
ÇİNGİZ BALAYEV
(1974-1992)
10 mart eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Çingiz Azad oğlu Balayev 1974-cü il martın 10-da Şamaxı rayonunun Dəmirçi qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Çingiz Balayev 1992-ci ilin avqust ayında Qubadlı rayonunda itkin düşüb. Şamaxı rayon Məhkəməsinin 2007-ci ildə qəbul etdiyi qətnamə ilə Çingiz Balayev şəhid hesab edilib.
İSMAYIL MƏMMƏDOV
(1992-2020)
Şəhid İsmayıl Fərhad oğlu Məmmədov 10 mart 1992-ci ildə Sabirabad rayonunun Cəngan kəndində anadan olub. 2016-cı ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər İsmayıl Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
İNQİLAB QƏDİRBƏYLİ
(1995-2020)
Şəhid İnqilab Tofiq oğlu Qədirbəyli 1995-ci ilin bu günü Salyan şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İnqilab Qədirbəyli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Salyan şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
VÜQAR ZAMANOV
(1995-2020)
Şəhid Vüqar İsmayıl oğlu Zamanov 1995-ci il martın 10-da Horadiz şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Vüqar Zamanov noyabrın 5-də Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub və Horadiz şəhər qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
MƏHƏMMƏD TALIBOV
(1996-2020)
Şəhid Məhəmməd Aydın oğlu Talıbov 10 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Daha sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Məhəmməd Talıbov noyabrın 3-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
ALİM YOLDAŞOV
(1997-2020)
Şəhid Alim Mirzə oğlu Yoldaşov 1997-ci ilin bu günü Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Alim Yoldaşov oktyabrın 28-də qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
MİRZƏ FƏTƏLİ AXUNDOV
(1812-1878)
10 mart Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun anım günüdür. O, 1812-ci il iyunun 30-da Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir. Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə Tiflisə gedərək, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilir.
M.F.Axundov bədii yaradıcılığına şeirlə başlayıb və “Səbuhi” təxəllüsü ilə şeirlər yazıb. Fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazdığı ilk şeiri “Zəmanədən şikayət” adlanır. Onu bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri özü rus dilinə tərcümə edib. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. M.F.Axundov Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilib. O, 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla ailə qurub. Bu izdivacdan 13 övladı olub ki, onlardan da yalnız ikisi - oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında ölüb. M.F.Axundov 1878-ci il fevralın 26-da vəfat edib və Tiflisdə dəfn olunub.
MEHDİ HÜSEYN
(1909-1965)
Azərbaycanın xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Mehdi Əli oğlu Hüseynin xatirə günüdür. O, 1909-cu il martın 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Tarix şöbəsini və Moskva Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu bitirib. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. 1926-cı ildə "Bizdə futurizm cərəyanı" adlı ilk tənqidi məqaləsi, 1927-ci ildə "Qoyun qırxımı" adlı ilk hekayəsi dərc edilib. Yaradıcılığında tarixi hekayə, povest, roman, dram əsərləri və pyeslərə yer verib. Mehdi Hüseyn 1965-ci il martın 10-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
İMAM MUSTAFAYEV
(1910-1997)
1954-1959-cu illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş ictimai-siyasi xadim, bioloq alim, akademik İmam Daşdəmir oğlu Mustafayev də bu gün xatırlanır. O, 15 fevral 1910-cu ildə Qax rayonunun Əmbərçay kəndində kasıb kəndli ailəsində anadan olub. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1934-1940-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyib. 1940-1954-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti komissarının 1-ci müavini, xalq torpaq komissarının 1-ci müavini, kənd təsərrüfatı naziri, Azərbaycan SSR Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan SSR KP MK-nın katibi vəzifələrində çalışıb. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi olub. Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilib. Daha sonra Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri, 1971-ci ildən isə həmin institutun direktoru təyin olunub. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olan İmam Mustafayev 10 mart 1997-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
NƏSİBƏ ZEYNALOVA
(1916-2004)
Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti, Dövlət Mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalovanın anım günüdür. O, 20 aprel 1916-cı ildə Bakıda dünyaya göz açıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə atası Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdarkən gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra vəfat edib. Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq etdikdən sonra 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb və həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış edib, "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə, Telli, Züleyxa, Cənnət xala, Gülsüm, Əsli xala rolları daha çox populyarlıq qazanıb. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ABDULLA BABAYEV
(1924-2015)
Azərbaycanın xalq artisti, xanəndə Abdulla Murtuz oğlu Babayevin anım günüdür. O, 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olub. 1941-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-cu ilə qədər Naxçıvan dəmiryolu idarəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanıb. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olub. Əməyi yüksək qiymətləndirilən sənətkar 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü olub. Abdulla Babayev 2015-ci il martın 10-da Naxçıvanda vəfat edib.