Dünyanın bu günü - 10.05.2021

# 00:01
10 may 2021

HEYDƏR ƏLİYEV

(1923-2003)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. 13 il Sovet Azərbaycanına rəhbərlik edib. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, 4 dəfə “Lenin” ordeni, “Qırmızı Ulduz ordeni” və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

 

XOSROV BƏY SULTANOV

(1879-1943)

Azərbaycanın görkəmli hərbi və dövlət xadimi Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il may ayının 10-da indiki Laçın rayonunda dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. Zaqafqaziya Seyminin və 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri olub. Cümhuriyyətin həmin gün təşkil edilmiş 1-ci hökumət kabinetində hərbi nazir postunu tutub. 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Həmin ilin martında qiyam qaldıran erməni-daşnak hərbi dəstələrini darmadağın edib, Xankəndi və Şuşa geri alınıb. 1923-cü ildən mühacirətə gedən Xosrov bəy Sultanov 7 yanvar 1943-cü ildə vəfat edib və İstanbulun Feriköy qəbiristanlığında dəfn olunub.

 

MEHDİ NƏZƏRLİ

(1892-1952)

 

Milli nəfəs alətləri ustası, muğam bilicisi Mehdi Cavad oğlu Nəzərli‎ 10 may 1892-ci ildə Xızı rayonunun Sayadlı kəndində anadan olub. Üzeyir bəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq, "Koroğlu" operasının ilk premyerasının müşayiətçisi olub. O, eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində də ifa edib. Muğam bilicisi kimi dövrünün bir çox məşhur xanəndələrini böyük ustalıqla müşayiət edib, bu sahədə illərlə əldə etdiyi zəngin biliyini gənc nəslə öyrədib. Azərbaycanın ilk qarmon ifaçısı Ələkbər bəy Nəzərlinin qardaşı olan Mehdi Nəzərli 3 sentyabr 1952-ci ildə Bakıda vəfat edib.

 

ƏLİŞ LƏMBƏRANSKİ

(1914-1999)

Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, əməkdar mühəndis Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü ilin bu günü Şuşa qəzasının Ləmbəran kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirib. İkinci Dünya müharibəsində iştirak edib, 1942-ci ildə ağır yaralanaraq tərxis olunub. Müxtəlif vəzifələrdə çalışıb, zavodun baş mühəndisi, direktoru, nazir müavini, baş nazirin müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Bakı şəhər İcraiyyə Komitəsinin sədri işlədiyi dövrdə paytaxtdakı bir çox mühüm obyektlərin tikintisində böyük əməyi olub. Bağırov körpüsü, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, Cavanşir körpüsü, Məişət Kondisionerləri zavodu, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və digər bu kimi sənaye və mədəniyyət ocaqlarının tikintisi onun adı ilə bağlıdır. Bir çox orden və medallarla təltif edilən Əliş Ləmbərəranski 1 may 1999-cu ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

ƏHMƏDAĞA MUĞANLI

(1926-2001)

Əməkdar mədəniyyət işçisi, nasir, ssenarist, kino redaktoru Əhmədağa Əkbər oğlu Qurbanov (Əhmədağa Muğanlı) 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddi illik məktəbində müəllimlikdən başlayıb. Orta məktəbdə baş dəstə rəhbəri, "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında dərc olunan "Biz qol çəkirik ki..." hekayəsi ilə başlayıb. Bir neçə kitabı çapdan çıxıb. 50-yə yaxın filmdə redaktor və ssenari müəllifi kimi yer alıb. Əhmədağa Muğanlı 2001-ci il avqustun 4-də Bakıda vəfat edib.

 

MUSA YAQUB

(1937-2021)

Azərbaycanın xalq şairi Musa Səfiməmməd oğlu Yaqubov (Musa Yaqub) 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb. Müxtəlif illərdə orta məktəbdə müəllim, direktor müavini, direktor, qəzet və jurnallarda şöbə müdiri və redaktor vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1957-ci ildə çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Bir neçə kitabın müəllifidir. İsmayıllı rayon Xalq Deputatları Sovetinin və Milli Məclisin deputatı olub. M.F.Axundov adına mükafata layiq görülüb. Musa Yaqub 7 may 2021-ci ildə vəfat edib və doğulduğu kənddə torpağa tapşırılıb.

 

XƏQANİ AXUNDOV

(1950-1993)

Şəhid Xəqani Həsən oğlu Axundov 1950-ci il mayın bu günü Laçın rayonunun Kürdhacı kəndində doğulub. 1967-ci ilin yazında kənd orta məktəbini bitirdikdən sonra Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olub. 1972-ci ildə Moskva ətrafında hərbi xidmətini başa vurduqdan sonra kolxozda əmək fəaliyyətinə başlayıb. 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başlayıb. Kəşfiyyat bölüyünün komandiri, gizir Xəqani Əhmədov 10 fevral 1993-cü il tarixdə Qızılqaya kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 21 iyun 2007-ci il tarixli sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalına layiq görülüb.

 

NAMİQ ABDULLAYEV

(1974-1993)

Azərbaycan Milli Qəhrəmanı Namiq Vahid oğlu Abdullayev 1974-cü il may ayının 10-da Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. 1991-ci ildə kənd orta məktəbini bitirib. 1992-ci ilin dekabr ayında hərbi xidmətə çağırılıb. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçiblər. Onlarla erməni quldurunu məhv edən Namiq Abdullayev son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atıb və şəhid olub. Doğulduğu Avşar kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Namiq Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Avşar kənd orta məktəbi onun adını daşıyır.

 

VÜQAR İBRAHİMOV 

(1973-1992)

 

Şəhid Vüqar Rauf oğlu İbrahimov 10 may 1973-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Sovet ordusu sıralarında Ukraynada xidmət edib. 1992-ci il aprelin 14-də Azərbaycan Silahlı Qüvvələrində xidmətə yollanıb. Ağdamın Abdal Gülablı, Dəhra və Qaraqaya kəndləri uğrunda döyüşlərdə iştirak edib. Vüqar İbrahimov 1992-ci il iyunun 28-də şəhid olub və Oğuzun Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu Xaçmaz kənd 2 nömrəli tam orta məktəbinə adı verilib.

 

 

QƏZƏNFƏR ABDULLAYEV

(1993-2020)

 

Şəhid Qəzənfər Nəcəf oğlu Abdullayev 1993-cü ilin bu günü Samux rayonunun Ziyadlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Qəzənfər Abdullayev elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

TURAL SARIYEV 

(1993-2020)

 

Şəhid Tural İsmayıl oğlu Sarıyev 1993-cü il mayın 10-da Tovuz rayonunun Cirdək kəndində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Tural Sarıyev oktyabrın 18-də Qubadlıda şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HÜSEYN MURADOV

(1994-2020)

 

Şəhid Hüseyn Fərhad oğlu Muradov 10 may 1994-cü ildə Saatlı rayonunun Cəfərxan kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2015-2016-cı illərdə Murovdağda hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində pulemyotçu kimi iştirak edib. Əsgər Hüseyn Muradov 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAVİD ƏLİYEV

(1996-2020)

 

Şəhid Cavid Şaban oğlu Əliyev 1996-cı ilin bu günü Tovuz rayonunun Almalıtala kəndində anadan olub. Tovuz Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Cavid Əliyev noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub və Tovuz rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları  ilə təltif edilib.

 

 

MƏMMƏDAĞA SƏFƏROV 

(1997-2020)

 

Şəhid Məmmədağa Balakişi oğlu Səfərov 1997-ci il mayın 10-da  Bakı şəhərində anadan olub. Türkiyənin Balıkəsir Universitetinin Makina mühəndisliyi fakültəsində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Xocavənd, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Məmmədağa Səfərov oktyabrın 21-də Xocavənd uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunması uğrunda" medalları ilə  təltif edilib.

 

 

NURLAN QARACAYEV

(1999-2020)

 

Şəhid Nurlan Ömər oğlu Qaracayev 10 may 1999-cu ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əgər Nurlan Qaracayev oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Balakən Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

FUAD ƏLİYEV

(2001-2020)

 

Şəhid Fuad Ramin oğlu Əliyev 2001-ci ilin bu günü Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzuli, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Fuad Əliyev noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

KAMİL RZAYEV

(1957-1992)

Şəhid Kamil Fərhad oğlu Rzayevin anım günüdür. O, 1957-ci il aprelin 17-də Tərtər rayonunun Sarov kəndində anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda təcili yardım xəstəxanasında həkim-reanimatoloq, Səhiyyə Nazirliyində inspektor, Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışıb. 1992-ci il martın 5-də könüllü olaraq Tərtər özünümüdafiə batalyonuna yazılıb. Kamil Rzayev 1992-ci ilin mayın 10-da Tərtər bölgəsi uğrunda döyüşlərdə şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Hazırda Tərtər rayon xəstəxanası onun adını daşıyır.

 

ELÇİN CƏLİLOV

(1968-2005)

 

Müğənni Elçin Əsəd oğlu Cəlilovun xatirə günüdür. O, 17 iyul 1968-ci ildə anadan olub. Musiqiyə həvəsi ailəsindən başlanıb. Bülbül adına orta ixtisas musiqi məktəbində və Bakı Musiqi Akademiyasında təhsil alıb, Şövkət Ələkbərovadan və Arif Babayevdən dərs alıb. Qısa müddətdə Rəşid Behbudovun sevimli ifaçılarından birinə çevrilib, Mahnı Teatrının aparıcı solisti kimi müğənnilik karyerasına başlayıb. Məşhur skripkaçı Kazbek Əliyevlə birlikdə “Unison” qrupunu yaradıb. Elçin Cəlilov 10 may 2005-ci ildə Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR