Dünyanın bu günü - 1.04.2020
ƏNVƏR ƏLİBƏYLİ
(1916-1968)
1. Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, ictimai xadim Ənvər Əliverdi oğlu Əlibəyli 1916-cı ilin bu günü Bakıda dünyaya göz açıb. Tibb Texnikumunu, Azərbaycan Dövlət Universitetini və Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayanadək Azərbaycan radiosunda çalışıb. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə yollanıb. Müharibə dövründə 416-cı atıcı diviziyasının tərkibində şərəfli döyüş yolu keçib, Qafqazın və Ukraynanın azad olunmasında iştirak edib, orden və medallarla təltif olunub. 1944-cü ildə ağır yaralandıqdan sonra Bakıya qayıdıb, yaradıcılığını davam etdirib. «Vətən uğrunda» jurnalında məsul katib işləyib. Sonralar «Ədəbiyyat qəzeti»ndə, «İnqilab və Mədəniyyət» jurnalında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri olub. Onlarla kitabı çapdan çıxıb, şerlərinə musiqi bəstələnib. Ənvər Əlibəyli 1968-ci il mayın 7-də Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
ABDULLA BABAYEV
(1924-2015)
2. Azərbaycanın xalq artisti, xanəndə Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olub. 1941-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanıb. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olub. Əməyi yüksək qiymətləndirilən sənətkar 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü olub. Abdulla Babayev 2015-ci il martın 10-da vəfat edib.
QORXMAZ EYVAZOV
(1974-1994)
3. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1974-cü ildə kənd orta məktəbinə birinci sinfə gedib, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olub. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulub. 1991-ci ildə Laçın Rayon Polis Şöbəsinə qəbul edilib. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. Aldığı güllə yarası nəticəsində qolu fəaliyyətini itirsə də, bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılıb. Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərib. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə rota komandiri təyin edilib. Heydər Əliyev Horadizin işğaldan azad edilməsi ilə bağlı cəbhəyə səfəri onu qol saatı ilə mükafatlandırıb. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etsə də, özü də şəhid olub. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Qorxmaz Eyvazova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
NÜSRƏT ŞİRƏLİYEV
(1963-1992)
4. Bu gün həm də şəhid baş leytenant Nüsrət Əlican oğlu Şirəliyevin doğum günüdür. O, 1963-cü ildə Qazıməmməd şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Şirvanda Cihazqayırma zavodunda laboratoriya müdiri işlədikdən sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib kimi çalışıb. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüb. Nüsrət Şirəliyev sinəsindən güllə yarası alsa da, düşmənlə tək vuruşaraq əsgərlərin pusqudan çıxmasına şərait yaradıb. Yaralı vəziyyətdə əsir götürülüb və işgəncə ilə qətlə yetirilib.
NİKOLAY QOQOL
(1809-1852)
5. Böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin bu günü dünyaya gəlib. Tələbə ikən rəssamlığa, aktyorluğa həvəs göstərib, şeir və pyeslər yazıb. Ona ədəbi şöhrət gətirən ilk əsər «Dianka yaxınlığındakı xutorda axşamlar» povestidir. Lakin «Müfəttiş» komediyası və «Ölü canlar» roman-poeması onu bütün Avropada məşhurlaşdırıb. «Şinel» povesti isə rus ədəbiyyatında xüsusi yer tutur. Təsadüfi deyil ki, Qoqolun müasirləri olan gənc yazıçıların əksəriyyəti «Hamımız Qoqolun şinelindən çıxmışıq» deməyi xoşlayırdılar. Sonralar bu ifadə zərb-məsələ çevrilib. Nikolay Qoqol 1852-ci il fevralın 21-də Moskva şəhərində dünyasını dəyişib.
OTTO FON BİSMARK
(1815-1898)
6. Almaniyanın görkəmli siyasi xadimi Otto fon Bismarkın doğum günüdür. O, 1815-ci il aprelin 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda kiçik zadəgan ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə Gettingendəki Georq Avqust Universitetində hüquq elmini öyrənib. 1847-ci ildə 32 yaşında ilk dəfə olaraq yeni yaradılmış Prussiya landtaqına deputat seçilmək arzusuna düşüb, bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salıb və 11 may 1847-ci ildə parlamentə seçilib. 26 fevral 1849-cu ildə yenidən deputat olub. 1851-ci ildə Frankfurt lantaqında (parlamentində) Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilib. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti, sonra isə həm Prussiyanın, həm də Şimali Alman İttifaqı və Almaniyanın kansleri olub. Onun Prussiyası Danimarka, Avstriya və Fransa ilə apardığı müharibələrdən qalib çıxaraq Avropada ən güclü dövlətə çevrilib. Onun apardığı siyasət nəticəsində Almaniya həm birləşərək güclənib, həm də qonşuları ilə münasibətlərini qaydaya salıb. Bismark 30 iyul 1898-ci ildə vəfat edib.
YILMAZ GÜNEY
(1937-1984)
7. Türkiyəli ssenarist və yazıçı, aktyor və rejissor Yılmaz Güney 1937-ci ilin bu günü torpağı olmayan kəndli ailəsinin iki övladından biri kimi Adanada dünyaya gəlib. Bir müddət film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi çalışıb. Sonra universitet təhsili almaq üçün İstanbula gedib və Atif Yılmazın dəstəyi ilə film sektorunda işləməyə başlayıb. 1959-cu ildə Atif Yılmazın rejissorluq etdiyi "Bu Vatanın Çocukları" və "Alageyik" filmlərində həm ssenari müəllifi olub, həm də aktyor kimi rol alıb. "Karacaoğlanın kara sevdası" filmində rejissor assistenti olub. Bir sıra jurnallara hekayələr yazıb. Bir hekayəsində kommunizm təbliğatı apardığı ittihamı ilə 1961-ci ildə ilyarım həbs cəzasına məhkum edilib. Azadlığa çıxdıqdan sonra daha çox macəra filmləri çəkib. 1972-ci ildə "inqilabçılara yardım etmək" səbəbi ilə yenidən 2 illik həbsə və sürgünə məhkum edilib. Bu müddət ərzində kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxardığı "Güney" jurnalında yayımlayıb. Həbsdə olarkən ssenari müəllifi olduğu "Sürü", eləcə də Türkiyədə və bir çox ölkələrdə böyük marağa səbəb olan "Yol" filmləri çəkilib. Bundan başqa, "Yol" filmini yenidən montaj edib və Kann kinofestivalında mükafat alıb. Ömrünün son illərini Parisdə yaşayıb və Fransada "Divar" adlı sonuncu filmini çəkib. Yılmaz Güney 9 sentyabr 1984-cü ildə vəfat edib və Parisdə dəfn edilib.
“APPLE” ŞİRKƏTİ TƏSİS EDİLİB
(1976)
8. 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Veyn tərəfindən “Apple I” kompüterini satmaq məqsədilə “Apple” şirkəti yaradılıb. “Apple I”-i ilk dəfə Stiv Voznyak icad edib və onu “Hombrew” kompüter klubunda ictimaiyyətə nümayiş edib. RAM, prosessor və videoçiplərdən ibarət bu kompüter ana lövhəsi kimi satılırdı. “Apple” ilk dəfə 1976-cı ilin iyununda satışa buraxılıb və o vaxtkı qiyməti 666.66 dollar idi. Şirkət hazırda dünyanın ən bahalı brendi kimi tanınır.
ÜMUMDÜNYA GÜLÜŞ GÜNÜ
9. Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı «Axmaqlar bayramı» kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart aldatma günü hesab olunur. Ənənəyə görə, aprelin 1-də hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.