Dünyanın bu günü - 13.03.2021
MƏMMƏDƏLİ VƏLİXANLI
(1899-1969)
Azərbaycanın xalq artisti Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub. Atası onu “Səfa” mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə qoyub. Ancaq uşaq vaxtlarında gördüyü dini şəbihlər, “Qaravəlli”, “Kosa-kosa” kimi xalq oyunları onda teatr sənətinə maraq oyadıb. 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Məmmədəli tədricən dram tamaşalarında da kiçik rollarda səhnəyə çıxıb. Teatrda işləyə-işləyə 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız" və digər əsərlərində yumoristik və komik-dramatik rollara səhnə həyatı bəxş edib. Məmmədəli Vəlixanlı 12 aprel 1969-cu ildə Bakıda dünyasını dəyişib.
NODAR ŞAŞIQOĞLU
(1927-2013)
Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıq oğlu İzzətoviç (Nodar Şaşıqoğlu) 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub. Milliyyətcə acar olan aktyor 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. "Nikbin faciə" tamaşasında Aleksey, "Sevilya ulduzu"nda Sanço Ortis, "Mariya Tüdor"da Cilberti obrazlarını oynayıb. 2013-cü ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Onun kino yaradıcılığı daha çox Azərbaycanla bağlıdır. "Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə, "Əsl dost"da Fərman, "Səhər"də Əzizbəyov, "Matteo Falkone" qısametrajlı kinodramında Matteo Falkone, "Leyli və Məcnun"da Məcnun, "Bizim küçə"də yenə Mixaylo, "Telefonçu qız"da Zakir obrazlarını canlandırıb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə Bakıda dünyasını dəyişib və ikinci Fəxri Xiyabanda dəfn olunub.
AZAD ƏLİYEV
(1928-1994)
Azərbaycanın xalq artisti, violin ifaçısı, pedaqoq, professor, beynəlxalq müsabiqələr laureatı Azad Əliyev 1928-ci ilin bu günü Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-ci ildə həm solo ifaçısı, həm də Dövlət Simli Kvartetinin birinci violin ifaçısı kimi fəaliyyətə başlayıb. 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının “Skripka” kafedrasında müəllim vəzifəsində çalışıb. 1957-ci ildə simli kvartetin heyətində Moskvada keçirilən gənclərin və tələbələrin Ümumittifaq festivalının (qızıl medal) laureatı olub. 1970-1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri olub. Azərbaycan Teleradiosunun “Qızıl Fond”unda zəngin irsi qorunub saxlanılan Azad Əliyev 17 avqust 1994-cü ildə Ankarada vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ASƏF NADİROV
(1929-2014)
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində iqtisadi coğrafiya ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlayıb. Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqtisadiyyat bölməsində kiçik elmi işçi, baş elmi işçi, İqtisadiyyat İnstitutunda şöbə müdiri və elmi işlər üzrə direktor müavini işləyib. 1981-ci ildən Akademiya sistemində rəhbər vəzifələr tutub, 1997-ci ilədək AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi, 1997-2000-ci illərdə Akademiyanın müşaviri kimi məsul vəzifələr icra edib, 2000-2007-ci illərdə AMEA Rəyasət Heyətinin üzvü olub və 2007-ci ildə yenidən Akademiyanın müşaviri təyin edilərək ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 600-ə yaxın araşdırmanın, o cümlədən 20-dən çox kitab, monoqrafiya, metodik material və dərsliyin müəllifidir. “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülən akademik Asəf Nadirov 2014-cü il martın 14-də Bakıda vəfat edib.
QİYASƏDDİN QEYBULLAYEV
(1933-2002)
Tarix elmləri doktoru, professor Qiyasəddin Əsgər oğlu Qeybullayev 13 mart 1933-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, 1958-1960-cı illərdə Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbində müəllim işləyib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1992-ci ildən AMEA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunun aparıcı elmi işçisi olub. ABŞ-da çap olunan “Türk dünyası” jurnalının redaksiya heyətinin və Milli Məclis yanında Toponimika Komissiyasının üzvü olub. 13 monoqrafiya və 213 elmi məqalənin müəllifidir. Azərbaycan və rus dillərində yazdığı əsərləri ilə Azərbaycan tarix elminə böyük töhfə verib. Ali Attestasiya Komissiyası çoxsaylı monoqrafiyalarına görə müdafiə etmədən 1995-ci ildə ona tarix elmləri doktoru alimlik dərəcəsini verib. Qiyasəddin Qeybullayev 2002-ci il dekabrın 13-də Bakıda vəfat edib.
RÖVŞƏN BEHCƏT
(1945-2011)
Xanəndə Rövşən Behcət 1945-ci ilin bu günü Güney Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. 1969-1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göygöl" mahnı və rəqs ansamblının solisti olub. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar və təsniflər "Qızıl Fond"da saxlanılır. Rövşən Behcət 2011-ci il avqustun 19-da Bakıda dünyasını dəyişib.
BƏHRUZ MƏNSUROV
(1975-1995)
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəman oğlu Mənsurov 13 mart 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə sərhəd qoşunları fakültəsinə daxil olub. 1995-ci ilin mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində fəal iştirak edib. Martın 16-da silahlı qarşıdurma zamanı qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Bəhruz Mansurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
BƏYLƏR MƏMMƏDOV
(1971-1993)
Şəhid Bəylər Eldar oğlu Məmmədov 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində doğma yurdundan Daşkəsən rayonunun Bayan kəndinə pənah gətirib. 1992-ci ilin aprel ayının 1-də könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Ağdamda gedən döyüşlərdə şəhid olub və Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə Bəylər Məmmədov ölümündən sonra “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilib.
RƏŞAD BUDAQOV
(1986-2020)
Şəhid Rəşad Ramiz oğlu Budaqov 1986-cı ilin bu günü Yevlax şəhərində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub və Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
RUHİN XƏLİLOV
(1987-2020)
Şəhid Ruhin Müzəffər oğlu Xəlilov 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbində və Bakı Asiya Universitetinin Hüquq fakültəsində təhsil alıb. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində məsləhətçi vəzifəsində çalışıb, birinci dərəcəli dövlət qulluqçusu olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü yollanıb. Ədliyyə kapitanı Ruhin Xəlilov oktyabrın 21-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı təltif edilib.
AFƏR ORUCOV
(1996-2020)
Şəhid Afər Yafət oğlu Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Çavuş Afər Orucov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları təltif edilib.
ƏLİ FƏHMİ
(1919-1975)
Tanınmış ədəbiyyatşünas Əli Ələkbər oğlu Fəhmi 1975-ci ilin bu günü Bakıda vəfat edib. O, 1919-cu ildə Bakının Sabunçu qəsəbəsində anadan olub. İlk ixtisası həkimlik olub. Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqlə tanış olub. Ona “Fəhmi” təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayon Hərbi Komissarlığında həkim kimi çalışıb. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirib. Oranı da fərqlənmə diplomu ilə bitirib və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılıb. Universitetdə mətnşünaslıqdan dərs deyib, qəzəllərin elmi təhlilini verib, jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edib. Sovet dövründə Quranın yeni tərcüməsi üzərində ilk işləyən şəxs kimi tanınıb. Onun klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunub, televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi olub. Əli Fəhmi Bülbülə kənd qəbiristanlığında dəfn edilib.
HƏSƏN ƏBLUC
(1942-1994)
Azərbaycanın əməkdar artisti, bədii qiraət ustası, pedaqoq, aktyor və rejissor Həsən Abbasqulu oğlu Əbluc 13 mart 1994-cü ildə Bakıda vəfat edib. O, 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna daxil olsa da, birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib, kinostudiyada film dublyajlarında iştirak edib, Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Həsən Əbluc müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.