Dünyanın bu günü - 14.02.2020

# 17:40
14 fevral 2020

1.SÜLEYMAN ABDULLAYEV   (1939)

         

Azərbaycanın əməkdar artisti, xanəndə Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevralın 14-də Füzuli rayonunun Sərdərli kəndində anadan olub. 1959-cu ildə xanəndə Seyid Şuşinski onun səsini yüksək qiymətləndirib və peşəkar təhsil almaq üçün Bakıya dəvət edib. 1960-1964-cü illərdə musiqi məktəbində Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub. Onun ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğamlarının lent yazıları Azərbaycan teleradiosunun Qızıl Fonduna daxil olunub. Xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılan xanəndə Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin “Qızıl səs” medalına layiq görülüb.

 

2. DAVUD AXUNDOV (1918-2003)

 

 Azərbaycan-sovet memarı və tarixşünası, Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Ağa oğlu Axundov 1918-ci il fevralın bu günü Bakı şəhərində doğulub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib və həmin ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlayıb. Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olub. Onun layihələri əsasında 1949-1963-cü illərdə Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilib. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunda çalışıb, 1970-2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olub. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib və Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub. Davud Axundov 2003-cü il noyabr ayının 19-da vəfat edib.

 

3.TAMARA GÖZƏLOVA (1940)

           

Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova-Ağamirova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Həmin ildən 2011-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayıb və Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

 

 

4. ELŞAD MƏMMƏDOV  (1975-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Elşad Ramiz oğlu Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Ağdərədə gedən qanlı döyüşlərdə iştirak edib. 1995-ci il 13-17 mart hadisələri zamanı aldığı güllə yarasından həlak olub. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Elşad Məmmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

5. NURLAN ABDULLAZADƏ  (1994-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin giziri Nurlan Rasim oğlu Abdullayev 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmət keçib. Xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb. 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nurlan Abdullazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

 

6. RZA TƏHMASİB (1894-1980)

 

Azərbaycanın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoqu Rza Abbasqulu oğlu Təhmasib 1980-ci ilin bu günündə dünyasını dəyişib. O, 1894-cü il aprelin 20-də Naxçıvanda anadan olub. 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin il Bakı studiyasında “Ordenli Azərbaycan"” sənədli filmini çəkib. Yaradıcılığının 1920-ci ildən 1959-cu ilə qədər dövrü Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”) kimi rollar klassik Azərbaycan teatrının ən layiqli sənət nümunələrindən sayılır. Sənətkarın kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmidir. Kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi olub.

 

7. VALENTİN GÜNÜ

 

14 fevral dünyanın bir çox ölkələrində Müqəddəs Valentin Günü, yaxud Sevgililər Günü kimi qeyd olunur. Bu gün III əsrdə İtaliyanın Terni şəhərində yaşamış rahib Müqəddəs Valentinin şərəfinə alıb. Valentin Roma imperatoru II Kladiusun fevralın 15-də qeyd edilən və faktiki olaraq orgiya halına gələn “Luperkalia bayramı”nı qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir. 14 fevralın “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia bayramı”nın adını rahib Valentinin şərəfinə dəyişdirir. İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR