Dünyanın bu günü - 15.03.2021

# 00:01
15 mart 2021

MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ

(1865-1944)

 

Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini, general-mayor, şərqşünas alim Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə 1865-ci il martın 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub. 1886-cı ildə Qafqazda podporuçik rütbəsində xidmət etməyə başlayıb. 10 il sonra Baş Qərargah nəzdindəki Sankt-Peterburq Şərq Dilləri İnstitutuna daxil edib. İnstitutu bitirdikdən sonra 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1918-ci ilin 23 oktyabrından 1919-cu ilin dekabr ayınadək Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini təyin edilib. 1919-cu il oktyabrın əvvəlində hökumətin tapşırığı ilə Batumi şəhərində ABŞ Prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılayıb, oktyabrın 4-10-da prezident nümayəndəsini müşayiət edib və onu mühafizəçi ilə təmin edib. Cümhuriyyət süquta uğradıqdan sonra ailəsi ilə birgə Türkiyəyə mühacirət edib. Daha sonra Parisə köçüb, iki il Sorbonna şəhərində fars və türk dillərini tədris edib. Burada həyat yoldaşını itirib, faşist işğalı zamanı isə hitlerçilər tərəfindən öz mənzilindən çıxarılıb. 1943-cü ildə ağır xəstələnib və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat edib. Məhəmməd Sadıq bəy Ağabəyzadə Lvovda Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilib.

 

 

ŞEYX MƏHƏMMƏD RƏSİZADƏ

(1878-1939)

 

Maarif xadimi, müəllim və şair Şeyx Məhəmməd Abdulla oğlu Rasizadə 1878-ci ilin bu günü Naxçıvanda anadan olub. Təbrizdə, Urmiyada və ehtimal ki, bir müddət Tehranda ruhani təhsili alıb, 1917-ci ildə İrəvan maarif idarəsində kurs bitirib. Ruhani təhsil almasına baxmayaraq, 1906-cı ildə Naxçıvanda üsuli-cədid məktəbinin yaradıcılarından biri kimi pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək buradakı orta məktəblərdə pedaqoji və kənd təsərrüfatı texnikumlarında türk dili və ədəbiyyatından dərs deyib. Həsən Əliyev, Məmməd Cəfər, Heydər Əliyev, Abbas Zamanov, Yusif Məmmədəliyev kimi görkəmli şəxslərin müəllimi olub. O, həmçinin istedadlı şairi olub, XX əsrin əvvəllərindən "Şərqi-Rus", "Həyat", "İrşad", "Tazə Həyat", "Təkamül ", "Füyuzat", “Açıq söz” kimi qəzet və jurnallarda, sonralar sovet mətbuatında, xüsusilə "Şərq qapısı" qəzetində xalqı maarif, elm və mədəniyyətə səsləyən şeirlər dərc etdirib. "Yeddi qız", "1914-cü il" adlı kiçik poemalar yazıb. Hüseyn Cavidin həbsindən sonra təzyiq və təqiblərə məruz qalan Şeyx Məhəmməd Rasizadə 1939-cu ilin dekabrın 24-də vəfat edib. O, Hüseyn Cavidin böyük qardaşı, Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin babasıdır. Ədəbi irsi Hüseyn Cavidin Bakıda və Naxçıvandakı xatirə muzeylərində saxlanılır.

 

 

RZA ŞAH PƏHLƏVİ

(1878-1944)

 

İran şahı, Pəhləvilər sülaləsinin banisi Rza şah Pəhləvi 15 mart 1878-ci ildə Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olub. Atası Abbas Əli Savadkuhda polkovnik, anası Nüşafərin Zəhra qafqazlı mühacir olub. Atasını kiçik yaşda itirdiyi üçün anası ilə birlikdə Tehranda dayısının yanına köçüb. 1898-ci ildə kazak birliyinin ilk iranlı komandiri olub. Oxuyub yazmağı orta yaşlarında öyrənsə də, şəxsi bacarığı sayəsində karyera pillələrində sürətlə irəliləyib. 1921-ci ildə Qacar dövlətinin hərbi naziri və Baş Qərargah rəisi, 1923-cü ildə baş nazir olub. 1925-ci ildə Qacar sülaləsinin sonuncu padşahı Əhməd şah Qacarı devirərək öz xanədanlığını qurub. 1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub və faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb, yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirilib. O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində vəfat edib. Ölümündən sonra nəşi Misirdə mumiyalanaraq Qahirədəki məscidlərin birində gizlədilib, 1950-ci ildə isə Rey şəhərində dəfn olunub. 1979-cu ilin fevralında baş verən İran İslam inqilabından sonra Rza şah Mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb. 2018-ci ilin aprel ayında Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkarlandığı elan edilib.

 

 

AŞIQ ŞƏMŞİR

(1893-1980)

 

XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşir 1893-cü ilin bu günü Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Gənc yaşlarından el yığıncaqlarında tanınmağa başlayıb. Qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitinin, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onlarla saz-söz sənətkarlarının kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası” və s. kitabları işıq üzü görüb. Onun həyat və yaradıcılığına həsr olunmuş müxtəlif kitablar həsr olunub. Aşıq Şəmşir 10 fevral 1980-ci ildə dünyasını dəyişib.

 

 

AĞASADIQ GƏRAYBƏYLİ

(1897-1988)

 

Azərbaycanın xalq artisti, aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli 1897-ci ilin bu günü Şamaxıda anadan olub. Atasını erkən yaşda itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub, Hüseyn Ərəblinski və Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində Kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. 200 müxtəlif rolda səhnəyə çıxıb. Teatrla yanaşı, kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır. Ağasadıq Gəraybəyli 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

 

 

MİRZƏAĞA ƏLİZADƏ

(1910-1981)

 

Azərbaycan EA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Mirzəağa Hacıbala oğlu Əlizadə 1910-cu il martın 15-də Bakının Əmircan kəndində doğulub. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1936-1939-cu illərdə Moskvada görkəmli alim D.A.Sabininin rəhbərliyi ilə aspirantura təhsili alıb. 1943-1944-cü illərdə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda baş elmi işçi, direktor müavini vəzifələrində çalışıb. 1944-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat Çoxillik Bitkilər İnstitutu və Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda laboratoriya müdiri olub. 1961-ci ildən ömrünün sonunadək Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda Bitki fiziologiyası laboratoriyasının rəhbəri olub. 4 monoqrafiya, 200-dən çox elmi məqalə və bir neçə ixtiranın müəllifidir. 2 dəfə "Şərəf nişanı" ordeni və 3 medalla təltif olunub. Akademik Mirzəağa Əlizadə 5 may 1981-ci ildə Bakıda vəfat edib və doğulduğu Əmircan kəndində dəfn edilib.

 

 

KAMİL XANLAROV

(1915-1996)

 

Azərbaycanın xalq rəssamı Kamil Əlabbas oğlu Xanlarov 15 mart 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931-1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. 1939-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində olub. 1964-cü ildə əməkdar rəssam, 1992-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb. Əsərləri müxtəlif Avropa ölkələrində sərgilənib, Azərbaycanda yerləşən bir neçə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Kamil Xanlarov 1996-cı ildə Bakıda vəfat edib.

 

 

HACIBABA HÜSEYNOV

(1919-1993)

 

Azərbaycanın xalq artisti, xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov 1919-cu ilin bu günü Bakının Çəmbərəkənd məhəlləsində dənizçi Hüseynəli kişinin ailəsində anadan olub. Erkən yaşlarında məscidlərdə, yas məclislərində növhə və mərsiyə söyləyərmiş. 1941-ci ildən "Parkommuna" zavodunda tornaçı işləməyə başlayıb. 1945-ci ildə baldızı Sara xanım Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. Əhməd müəllim gənc xanəndəni öz ansamblına işə gətirib. Burada üç il çalışıb. 1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra Əhməd Bakıxanovun dəvəti ilə Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib. Onun tələbələri arasında Qədir Rüstəmov, Səxavət Məmmədov və Nəzakət Məmmədova kimi görkəmli sənətkarlar yer alır. 1989-cu ildə 70 illik yubileyindən sonra ilk dəfə xarici səfərə - böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa gedib. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə bir ay ərzində Fransa, Belçika, İsveçrə və Hollandiyada konsertlər verib. İki aydan artıq çəkən son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə İran İslam Respublikasına olub. Hacıbaba Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

SƏFƏRALI BABAYEV

(1923-2003)

 

Coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Səfəralı Yaqub oğlu Babayev 15 mart 1923-cü ildə Naxçıvan MR Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini bitirib. 1937-1938-ci illərdə Babək rayonunun Xıncab kənd yeddiillik məktəbində işləyib. 1959-cu ildən 3 çağırışda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilib. 1952-1955-ci illərdə Naxçıvan MR Maarif Nazirliyinin məktəb inspektoru, daha sonra Naxçıvan rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri olub. 1957-ci ildə Naxçıvan MR Maarif Nazirinin müavini, maarif naziri vəzifəsində çalışıb. 1965-ci ildə Naxçıvan MR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin sədri, 1965-1970-cı illərdə Naxçıvan MR Nazirlər Soveti sədrinin birinci müavini olub. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının direktoru vəzifəsində təyin edilib. 1996-cı ildən ömrünün sonunadək isə Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri olub. Uzun illər Naxçıvan MR Ağsaqqallar Şurasının sədri olmuş Səfəralı Babayev 2003-cü ildə Naxçıvanda dünyasını dəyişib.

 

 

ƏLƏKBƏR SALAHZADƏ

(1941-2013)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, tərcüməçi Ələkbər Baba oğlu Salahzadə ‎1941-ci il martın 15-də Qonaqkənd rayonunun Cimi kəndində anadan olub. Orta məktəbi Qonaqkənddə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəb illərindən başlayıb, illər keçdikcə dövri mətbuatda çıxış edib. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcümə saatı" radio jurnalının ştatdankənar redaktoru olub. Azərbaycan Sovet Ensiklopediyasında Dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib. Daha sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri və redaktoru olub. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilib, 100-dən çox essesi, məqaləsi çap olunmuş yazıçının Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. 2004-cü ildən "Qobustan" jurnalının baş redaktoru olub. Rəsul Rza mükafatı laureatı Ələkbər Salahzadə 2013-cü il sentyabrın 1-də Bakıda dünyasını dəyişib.

 

 

İSA İSMAYILZADƏ

(1941-1997)

 

Şair, tərcüməçi və publisist İsa İsmayılzadə 1941-ci ilin bu günü Gürcüstanın Qarayazı rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" almanaxında və "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi ilk şeri ilə başlayıb. Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib. Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin Musiqili verilişləri baş redaksiyasında musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilib. İsa İsmayılzadə 1997-ci il iyulun 14-də Bakıda vəfat edib.

 

 

ELDAR AXUNDOV

(1949-2014)

 

Azərbaycanın xalq artisti, müğənni Eldar Balağa oğlu Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb, Azərbaycan Estrada-Simfonik Orkestrinin, Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Prezident təqaüdçüsü olan Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakıda vəfat edib.

 

 

YAVƏR HƏSƏNOV

(1963-1994)

 

Qarabağ müharibəsi şəhidi Yavər Murtuz oğlu Həsənov 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasya rayonunun Balıqlı kəndində dünyaya gəlib. 1988-ci ildə ailəsi ilə Bakıya köçmək məcburiyyətində qalıb. Qarabağ münaqişəsi başlayandan sonra könüllü olaraq Milli Orduya yazılıb. 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Alxanlı kəndinin Bəytəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Binəqədi rayonu ərazisində yaşadığı küçəyə adı verilib.

 

 

MALİK BAYRAMOV

(1964-1994)

 

Şəhid Malik Yaşar oğlu Bayramov 1964-cü il martın 15-də Şamaxı rayonunun Bağırlı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. Cəbrayıl, Füzuli və Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. 1994-cü il mayın 8-də Tərtər rayonunun Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub. Baş leytenant Malik Bayramov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

 

AKİF ƏLİYEV

(1973-1992)

 

Şəhid Akif Yasin oğlu Əliyev 1973-cü ilin bu günü Qərbi Azərbaycanın Amasya rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə dədə-baba yurdundan deportasiya olunub. 1991-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, 702-ci hərbi hissənin avtomatçısı olub. Akif Əliyev 7 oktyabr 1992-ci ildə Ağdərə rayonunda şəhid olub və Bakının Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

MİRZƏ AXUNDOV

(1984-2020)

 

Şəhid Mirzə Musa oğlu Axundov 15 mart 1984-cü ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən sonra 2002-2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhid olub və Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

VÜSAL MƏMMƏDOV

(1990-2020)

 

Şəhid Vüsal Nəsib oğlu Məmmədov 1998-ci il martın 15-də Zaqatala rayonunun Lahıc kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Vüsal Məmmədov oktyabrın 12-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR