Dünyanın bu günü - 15.07.2021

# 00:01
15 iyul 2021

TÜRKİYƏDƏ DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD

(2016)

 

2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup şəxs tərəfindən hərbi çevrilişə cəhd edilib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək olub. İlk növbədə Ankarada Polis Akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı və AKP-nin Ankara qərargahı zəbt olunub. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də Prezident Administrasiyasının baş katibi əsir alınıb, Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub. Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa çağırışından sonra Ankara, İstanbul və digər şəhərlərin küçələrinə, meydanlarına çıxan vətəndaşların cəsarət və fədakarlığı nəticəsində dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər - 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid olub, yüzlərlə insan yaralanıb. Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-ci ildən sonra uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçib.

 

 

CƏLAL QARYAĞDI

(1915-2001)

 

Azərbaycanın xalq rəssamı, heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı 1915-ci ilin bu günü Şuşa şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Texnikumunda və Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb. İkinci Dünya müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış edib, müharibədən sonra insanların bədii obrazları üzərində işləyib. Satirik şair M.Ə.Sabirin heykəli ilk böyük işlərindən olub. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general-mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın, Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretlərinin müəllifidir. Bakıda Nəriman Nərimanovun, vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəllərini yaradıb. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin medallarla təltif edilib. Cəlal Qaryağdı 2001-ci il dekabrın 1-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

AĞABABA BÜNYADZADƏ

(1915-1974)

 

Azərbaycanın xalq artisti, opera müğənnisi Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci il iyulun 15-də Bakı şəhərində anadan olub. 1938-1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində oxuyub, 1940-cı ildə Bakıda opera studiyasını bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətində işləyib, dram dərnəyində aktyor olub. "Leyli və Məcnun", "Kardinal qızı", "Xosrov və Şirin", "Aşıq Qərib", "Otello" və başqa operalarda yaddaqalan obrazlar yaradıb. 1967-ci ildə Opera və Balet Teatrında Müslüm Maqomayevin "Şah İsmayıl" operasını tamaşaya hazırlayıb. "Lenin", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallara layiq görülən Ağababa Bünyadzadə 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib.

 

 

RAUF ATAKİŞİYEV

(1925-1994)

 

Azərbaycanın xalq artisti, müğənni, pianoçu və pedaqoq Rauf İsrafil oğlu Atakişiyev 15 iyul 1925-ci ildə Göyçayda doğulub. Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Opera və Balet Teatrının solisti olub. "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa edib, 1965-ci ildə çəkilmiş eyniadlı filmdə mahnıları səsləndirilib. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Ya vstretil devuşku" mahnısının ilk ifaçısı olub. Lirik-dramatik tenor səsi ilə yanaşı, həm də mahir pianoçu kimi tanınan Rauf Atakişiyev 1994-cü il fevralın 3-də Bakıda dünyasını dəyişib.

 

 

SƏDAYƏ MUSTAFAYEVA

(1926-2004)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı ilin bu günü Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra atası və qardaşının müharibəyə getməsi ilə əlaqədar Şəkidə fəaliyyət göstərən İpəkçilik Kombinatında işləməyə başlayıb. Sonradan Şəki və Gəncə Dövlət Dram teatrlarında çalışıb, 400-dən artıq maraqlı obraz yaradıb. “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq filmə çəkilib. “Mən ki gözəl deyildim”, “Qaynana”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, Amerika kinematoqrafçılarının istehsal etdiyi “İlk körpü” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. 2003-cü ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Sədayə Mustafayeva 2004-cü il avqustun 13-də Gəncədə vəfat edib. O, xalq artisti Məhəmməd Bürcəliyevin həyat yoldaşı, teatrşünas-tənqidçi Anar Bürcəliyevin anasıdır.

 

 

AZƏR RZAYEV

(1930-2015)

 

Azərbaycanın xalq artisti, bəstəkar, professor Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və skripka üzrə təhsil alıb. Bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı konserti ilə tanınıb. Azərbaycan Dövlət Konservatoriyasında kamera ansamblı üzrə müəllim, baş müəllim, professor kimi fəaliyyət göstərib. Radio və Televiziya Komitəsində səs rejissoru, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub. "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin və tamaşalara yazılmış musiqilərin müəllifidir. Bir neçə silsilə verilişlərin müəllifi və aparıcısı olub. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaradıb. “Şöhrət” ordeni və “Humay” mükafatına layiq görülüb. Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

ELFAQ HÜSEYNOV 

(1969-1993)

 

Şəhid Elfaq Oruc oğlu Hüseynov 1969-cu ilin bu günü Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar könüllü olaraq silaha sarılıb. Döyüş yolu Başkəndin alınmasından başlayıb. Leytenant Elfaq Hüseynov 1993-cü il mayın 27-də cəbhənin Gədəbəy istiqamətində qəhrəmancasına şəhid olub.

 

 

ƏSƏD ƏHMƏDOV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədov 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxuyub. 1989-cu ildə Almaniyada tank qoşunlarında hərbi xidmətdə olub. 1992-ci ilin martında Milli Ordu sıralarına yazılıb. Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak edib. Əsəd Əhmədov 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Paytaxtın Yasamal rayonundakı küçələrdən biri adını daşıyır.

 

 

İSMAYIL QABİLOV 

(1993-2020)

 

Şəhid İsmayıl Əli oğlu Qabilov 15 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş İsmayıl Qabilov elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 5-də Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

HİKMƏT HƏSƏNOV 

(1986-2020)

 

Şəhid Hikmət Fikrət oğlu Həsənov 1986-cı ilin bu günü Gəncə şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Hikmət Həsənov elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 6-da Gəncədə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

VÜSAL VƏLİYEV

(1988-2020)

 

Şəhid Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Vüsal Vəliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 14-də Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub.

 

 

TƏRLAN AMANALİYEV

(1995-2020)

 

Şəhid Tərlan Rövşən oğlu Amanaliyev 15 iyul 1995-ci ildə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub və Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

EMİN BAĞIROV

(1996-2016)

 

Şəhid Emin İmran oğlu Bağırov 1996-cı ilin bu günü Bakıda anadan olub. 2014-cü ildə 182 nömrəli məktəbi bitirib və hərbi xidmətə yollanıb. Lənkəranda və Beyləqanda yerləşən N saylı hərbi hissələrdə, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Əsgər Emin Bağırov 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub və Bakının Binəqədi rayonunda dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

XUDAYAR YUSİFZADƏ

(1998-2020)

 

Şəhid Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci ilin bu günü Bərdə şəhərində anadan olub. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı şəhid olub və Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SURAC SADIQOV

(2001-2020)

 

Şəhid Surac Ədalət oğlu Sadıqov 2001-ci il iyulun 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Surac Sadıqov oktyabrın 11-də şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ANTON ÇEXOV

(1860-1904)

 

Görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun anım günüdür. O, 29 yanvar 1860-cı ildə Rusiyanın cənubundakı Azov dənizinin liman şəhəri Taqanroqda anadan olub. Taqanroqdakı Yunan məktəbində və Taqanroq Gimnaziyasında (sonradan Çexov Gimnaziyası adlandırılıb), Moskva Dövlət Tibb Universitetinin tibb fakültəsində təhsil alıb. "Anto Ça Chehonte" və "Nəfis adam" kimi təxəllüslər altında müasir rus həyatı haqqında gündəlik qısa, məzəli eskizlər yazıb. Dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb. 25 illik yaradıcılığı ərzində 300-dən artıq əsər yazıb. "Qağayı", "Vişnə Bağçası", "Üç Bacı", "İvanov", “6 nömrəli palata”, “Duel” və başqa əsərlərin müəllifidir. Anton Pavloviç Çexov 1904-cü il iyulun 15-də Badenvaylerdə (Almaniya) vəfat edib və Uspenski kilsəsindəki monastr qəbiristanlığında, atasının qəbri yanında dəfn edilib.

 

 

MƏMMƏD BƏY SULKEVİÇ

(1865-1920)

 

Polyak əsilli Rusiya-Azərbaycan hərbi və dövlət xadimi, general-leytenant Süleyman bəy (Məmməd bəy) Sulkeviç də bu gün xatırlanır. O, 1865-ci il iyulun 20-də Polşanın Kemeyşi malikanəsində anadan olub. Qusar alayında polkovnik olan atası Aleksandr Sulkeviç milliyyətcə Krım tatarı olub. Voronej Kadet Korpusunda, Mixaylov Artilleriya Məktəbində və Baş Qərargahın Hərbi Akademiyasında təhsil alıb. 1886-cı ildə ilk zabit rütbəsini alıb. 1900-1901-ci illər Rus-Çin və 1904-1905-ci illər Rus-Yapon müharibələrində korpusun qərargah rəisi və komandiri vəzifələrində xidmət edib. 1918-ci ilin sonunda Krımda yaradılmış yerli hökumətin baş naziri, müdafiə və daxili işlər naziri kimi fəaliyyət göstərib. 1919-cu il martın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmətə qəbul edilib və Baş Qərargah rəisi vəzifəsinə təyin olunub. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilib və Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək Rusiyaya gedən könüllü ordu qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri olub. Məmməd bəy Sulkeviç 1920-ci ilin aprel işğalından sonra bolşeviklər tərəfindən həbs olunub və 15 iyul 1920-ci ildə Bayıl həbsxanasında güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR