Dünyanın bu günü - 16.05.2021

# 00:01
16 may 2021

CƏLAL BAYAR

(1883-1986)

 

Türkiyənin 3-cü prezidenti Cəlal Bayar 16 may 1883-cü ildə Bursa vilayətinin Gemlik rayonunun Umurbəy kəndində doğulub. 1919-cu ildə Saruhan sancağından millət vəkili seçilib, 12 yanvar 1920-ci ildə İstanbulda son dəfə toplaşan Osmanlı Məclisinə qatılıb. Türkiyə Böyük Millət Məclisinə Bursadan millət vəkili seçilib, 1922-ci ildə müvəqqəti olaraq Xarici İşlər naziri vəzifəsini icra edib. 1924-cü ildə Atatürkün tapşırığı ilə Türkiyə İş Bankını yaradıb. 1937-ci ildə Türkiyənin 4-cü Baş naziri təyin olunub. 1946-cı ildə silahdaşları ilə birlikdə Demokrat Partiyasını təsis edib və sədri seçilib. 1950-ci il seçkilərində Demokrat Partiya qalib gəlib, onun sədri kimi TBMM tərəfindən Türkiyənin prezidenti seçilib və 10 il bu vəzifədə çalışıb. 27 may 1960-cı ildə hərbi çevriliş yolu ilə vəzifəsindən uzaqlaşdırılan Cəlal Bayar 22 avqust 1986-cı ildə İstanbulda dünyasını dəyişib.

 

 

KÜBRA FƏRƏCOVA

(1907-1988)

 

Azərbaycanın əməkdar həkimi, pediatr və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Kübra Yəhya qızı Fərəcova 1907-ci il mayın 16-da Qubada anadan olub. 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçısı və müəllimi, Azərbaycan SSR Xalq Səhiyyə komissarının müavini, Azərbaycan KP MK-da təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub. Daha sonra Azərbaycan SSR Səhiyyə naziri, N.K.Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və başqa vəzifələrdə işləyib. SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2-3 cü çağırış) deputatı olub. Elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunan Kübra Fərəcova 1988-ci ildə Bakıda vəfat edib.

 

 

ARİF QULİYEV

(1950-2021)

 

Azərbaycanın xalq artisti, aktyor Arif Əli oğlu Quliyev 1950-ci ilin bu günü Şirvanda anadan olub. Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. Mingəçevir Dövlət Dram Teatrında, Musiqili Komediya Teatrında, Azərbaycan Televiziyasında işləyib. Bir sıra tamaşalarda rol alan Arif Quliyev "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" kimi bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. Respublika Gənclər mükafatına, "Humay", "Qızıl Dərviş" və "Zirvə" mükafatlarına layiq görülüb. Arif Quliyev 7 may 2021-ci ildə Bakıda vəfat edib.

 

 

NƏCİBƏ HÜSEYNOVA

(1952)

Azərbaycanın əməkdar artisti Nəcibə İbrahim qızı Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Lənkəran Dövlət Dram Teatrında, Tədris Teatrında, "Azərbaycanfilm" kinostudiyasının kinoaktyor studiyasında, ANS TV-də və AzTV-də çalışıb. “Asif, Vasif, Ağasif”, “Bəxtəvər”, “Bəyin oğurlanması”, “Özgə ömür”, “İmtahan” və başqa filmlərdə yaddaqalan obrazlar yaradan Nəcibə Hüseynova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülüb.

 

 

CƏLİL XEYRULLAYEV

(1989-2020)

 

Şəhid Cəlil Mürvət oğlu Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Çavuş Cəlil Xeyrullayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub və Quba rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELGİN ABBASLI

(1991-2020)

 

Şəhid Elgin Ağayar oğlu Abbaslı 1991-ci ilin bu günü Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Elgin Abbaslı noyabrın 10-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ANAR ƏLİYEV 

(1991-2020)

 

Şəhid Anar Talıb oğlu Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Anar Əliyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Oğuz Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ASİF ABIŞOV 

(1992-2020)

 

Şəhid Asif Əlövsət oğlu Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Asif Abışov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ABDULLA MƏHƏMMƏDZADƏ

(1883-1912)

 

Ədəbiyyatşünas, publisist, tənqidçi, pedaqoq Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadənin anım günüdür. O, 1883-cü il iyulun 23-də Gəncədə doğulub. Xeyriyyə Mədrəsəsində və İstanbul Universitetinin ədəbiyyat-tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1898-ci ildə oxuduğu məktəbə müəllim kimi başlayıb, daha sonra “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb” və başqa qəzet və jurnallara Abdulla Sur, Abdulla Tofiq, Məhəmmədzadə, Qafqasiyalı, Abdulla Məhəmmədzadə, Bir Adam imzaları ilə məqalələr yazıb. İbrahim Şinasinin "Şairin evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib, “Türk ədəbiyyatına bir baxış” kitabını yazıb. Abdulla Məhəmmədzadə 1912-ci ilin mayında Gəncədə vəfat edib.

 

 

ARİF NƏRİMANBƏYOV

(1918-1992)

 

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor, ssenarist Arif Əmirbəy oğlu Nərimanbəyovun xatirə günüdür. O, 1918-ci aprelin 13-də Bakıda anadan olub. 1944-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Müharibədən sonra Bakı Kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi “Mozalan” kinojurnalını çəkib. 1948-ci ildə Yefim Dziqanın lentə aldığı “Fətəli xan” bədii filmində Əlisəttar Atakişiyev kimi korifeylə birgə çalışaraq filmin ikinci operatoru olub. 1955-ci ildə lentə aldığı ilk film uzun illər tərəf müqabili olan rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmi olub. Sonralar “Qızmar günəş altında” və “Məhəbbət haqqında əfsanələr” kimi gözəl ekran əsərləri yaradıb. Arif Nərimanbəyov 1992-ci ilin mayında vəfat edib.

 

 

OQTAY ELDƏGƏZ

(1934-2002)

 

Müəllim, yazıçı və dissident Oqtay Kərim oğlu Rəfilinin (Oqtay Eldəgəz) anım günüdür. O, 1934-cü il martın 11-də Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, texnikumlarda və orta məktəblərdə dil-ədəbiyyat fənlərini tədris edib. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, ona görə “Eldəgəz” təxəllüsünü götürüb. 1958-ci ilin may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. 1962-ci ildə Milli Azadlıq Qərargahını yaradıb və 25 il sədri olub. Bir sıra hekayə, povest, məqalə, novella və oçerkləri qəzet və jurnallarda dərc edilib. Oqtay Eldəgəz 2002-ci ilin mayında doğma kəndində vəfat edib.

 

 

QAYTARAN ABBASOV

(1964-1993)

 

Şəhid Qaytaran İbrahim oğlu Abbasovun xatirə günüdür. O, 1964-cü il yanvarın 12-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1981-ci ildə orta təhsilini başa vurduqdan sonra rayon 144 saylı texniki peşə məktəbində təhsil alıb. Sovet ordusu sıralarından serjant rütbəsində tərxis olunub. Mingəçevirdəki Qafqaz Enerjiquraşdırma Trestində çilingər işləyib. 1991-ci ilin avqustunda səfərbərliyə alınaraq Ağdam cəbhəsinə göndərilib. 1991-ci ildən Ağdam, Tərtər, Qubadlı və Zəngilan bölgələrində könüllü olaraq döyüşlərdə iştirak edib, 1992-ci ilin may-avqust aylarında Laçın və Qubadlı rayonlarının Güləbird, Şəfiyan və Başarat kəndlərində göstərdiyi şücaətlərə görə leytenant rütbəsinə layiq görülüb. Qaytaran Abbasov 1993-cü ilin mayında qəhrəmancasına şəhid olub və Qıraq Müşlan kənd qəbiristanlığında dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR