Dünyanın bu günü - 17.02.2020

# 17:44
17 fevral 2020

Qaradağlı soyqırımı (1992)

1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımının ildönümüdür. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil olublar. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz doğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşüb.

Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.

Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

 

CƏFƏRQULU XAN NAXÇIVANSKİ (1860)

Görkəmli ictimai-siyasi və hərbi xadim Cəfərqulu xan Kəlbəli xan oğlu Naxçıvanski 1860-cı il fevralın 17-də Naxçıvanda anadan olub. İlk hərbi təhsilini çarın Paj korpusunda alıb. Hərbi xidməti dövründə ulan alayının leyb-qvardiyasında kornet, sonra isə 15-ci Tver alayında poruçik rütbəsində qulluq edib. 1881-ci ildə ştabs-kapitan rütbəsi alıb. Hərbi xidmətlərinə görə bir sıra ordenlərlə təltif olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak edib. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kəlbəli xan və Kərim xan İrəvanski ilə birlikdə mahalda yeni qurum -Müvəqqəti Hökumət yaradıb və onun sədri olub. Naxçıvan bölgəsində 1919-cu ilin may-iyun aylarında ingilislərin dəstəyi ilə elan olunan “erməni idarəçiliyi”nin ləğvinə, bununla da mahalın daşnaklar tərəfindən işğalının əngəllənməsinə çalışıb. Mahalın sovetləşdirilməsi prosesinin ilk çağlarında Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin ermənilərdən müdafiəsi işində fəallıq göstərib, lakin tezliklə sovet hökuməti tərəfindən təqib olunmağa başlanıb, “qardaş qırğınlarının təşkilatçısı” və “antisovet təbliğatçısı” damğaları ilə 1920-ci il avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi tərəfindən həbs edilərək Bakıya göndərilib. 1920-ci il oktyabrın 5-də qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, haqsız repressiyaya məruz qaldığını bildirsə də, azadlığa buraxılmayıb və Şuşa həbsxanasına göndərildikdən sonra orada da vəfat edib.

NƏCƏF BƏY VƏZİROV (1854-1926)

Görkəmli Azərbaycan yazıçısı, dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü il aprelin 2-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Səhhəti imkan vermədiyi üçün yalnız 12 yaşında məktəbə gedə bilib, lakin qısa zamanda oxuyub-yazmağı öyrənib. İlk təhsilini dini məktəbdə alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedib, lakin burada erməni müəllimin amansız rəftarı onu məktəbdən uzaqlaşmağa məcbur edib. 1868-ci ildə Şuşadan ayrılaraq Bakıya gəlib. Burada imtahan verib realnı gimnaziyanın ikinci sinfinə daxil olub və öz bacarığı ilə tezliklə müəllimlərin rəğbətini qazanıb. 1874-cü ildə gimnaziyanı qurtarıb və təhsilini davam etdirmək üçün Rusiyaya gedib və Moskvada Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə təhsil alıb. Oranı bitirdikdən sonra təyinatla Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə meşəbəyi təyin olunub. 1895-ci ildə Bakıya köçüb. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alıb və məhkəmələrdə çalışıb. Eyni zamanda bədii yaradıcılığını davam etdirib, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvani-zəmanə" kimi klassik əsərlərini yaradıb. 1903-cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilib və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edib. Azərbaycanda aprel istilasından sonra Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1926-cı il iyulun 13-də Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə getdiyi Şamaxı rayonunda ürək çatışmazlığından vəfat edib. Yazıçının cənazəsi Bakıya gətirildikdən sonra elə həmin gün dəfn olunub.

ƏLİAĞA VAHİD (1894-1965)

Füzuli ənənələrinin ən layiqli davamçılarından olan şair, əməkdar incəsənət xadimi  Əliağa Vahid 1894-cü ilin bu günü Bakı şəhərində anadan olub. Vahid təxəllüsünü ona istedadına görə Mirzə Əbdülxalıq Yusif verib. 1914-1915-ci illərdən ilk şeirlərini çap etdirməyə başlayıb. Satirik şerləri, qəzəlləri, meyxanaları, felyetonları «İqbal», «Zəhmət», «Bəsirət», «Tuti», «Məzəli» və s. qəzet-jurnallarda dərc olunub. Azərbaycanda müğənnilərin böyük əksəriyyəti Vahidin şeir və qəzəllərini öz repertuarına daxil edib. O, qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məşhurlaşıb. Nizaminin, Xaqaninin, Fələkinin, Nəvainin və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. Əliağa Vahid 1965-ci il oktyabrın 1-də dünyasını dəyişib.

ƏLi FƏHMİ (1919-1975)

Klassik Azərbaycan ədəbiyyatının mahir bilicisi, mətnşünas Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olub. İlk ixtisası həkimlik olub. Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsilə Müşfiqlə ünsiyyət bağlayıb. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışıb. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirib. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirib və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılıb. Lakin sovet dövrünə xas haqsızlıq və süründürməçilik elmi işini yarımçıq qoyub. Sonralar Universitetdə mətnşünaslıqdan dərs deyib, qəzəllərin elmi təhlilini verib və jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edib. Televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi olan Əli Fəhmi 1975-ci il martın 13-də vəfat edib və Bülbülə kənd qəbiristanlığında dəfn edilib.

NAZİM ƏLİVERDİBƏYOV  (1926-1985)

17 fevral eyni zamanda Azərbaycanlı bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyovun xatirə günüdür. O, 1926-cı ildə musiqişünas ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1964-1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" və "Koroğlu" operalarının partituralarının redaktoru olub. Nazim Əliverdibəyov 1985-ci ildə dünyasını dəyişib. Qeyd edək ki, bəstəkar Üzeyir Hacıbəyovun dayısı oğlu, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun və pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR