Dünyanın bu günü - 18.02.2020

# 17:45
18 fevral 2020

1. NƏRİMAN HƏSƏNZADƏ  (1931)

 

Azərbaycanın xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu stansiyasında anadan olub. 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 1961-ci ildə isə ikinci ali təhsil olaraq Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, həmçinin Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, daha sonra müxtəlif nəşriyyatlarda baş redaktor, şöbə müdiri vəzifələrində işləyib. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifəsində çalışıb. Azərbaycan yazıçılar Birliyinin katibi olan Nəriman Həsənzadə 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən artıq şeirinə musiqi bəstələnib. 

 

2. HƏSƏN DƏMİRÇİ  (1941-2018)

 

Güney Azərbaycanın tanınmış şairi, yazıçı, incəsənət xadimi, milli-mədəni fəal və musiqi müəllimi Həsən Dəmirçi 1941-ci il fevralın bu günü Təbrizdə dünyaya göz açıb. Bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verilib. 1986-cı ildə  azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə  Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından biri olub və o dərnəyin musiqi bölümü üzrə məsul şəxsi seçilib. Dəfələrlə həbs edilib və Təbrizdə tədris etdiyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə bağlanıb. Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabının müəllifidir. Tanınmış tar ustadı İran Azərbaycanından əlavə, Türkiyə və Avropada keçirilən müxtəlif tədbirlərdə, TRT-nin yayımladığı musiqi proqramlarında öz musiqi qrupu ilə birlikdə iştirak edib. Həsən Dəmirçi 2018-ci ilin 24 iyununda Təbriz şəhərində vəfat edib.

 

3. OSMAN HACIBƏYOV (1924-1979)

    

Azərbaycanın əməkdar artisti, teatr aktyoru Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində doğulub. Orta məktəbin yeddinci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub, həmin vaxtdan başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1948-1979-cu illərdə Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Osman Hacıbəyov 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

 

4. TEHRAN VƏLİYEV (1954-2015)

 

Tərcüməçi, jurnalist, redaktor Vəliyev Tehran İmran oğlu 1954-cü il fevralın 18-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. Həmin rayondakı Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra Azərbaycan SSR Dövlət Plan Komitəsinin "Texniki tərəqqi uğrunda" jurnalında ədəbi işçi, müxtəlif illərdə jurnallarda, qəzetlərdə, nəşriyyatlarda tərcüməçi, şöbə müdiri, redaktor, baş redaktor, müdir müavini vəzifələrində çalışıb. 2006-cı ildən 2015-ci ilədək Mədəniyyət və Turizm Nazirliyinin əvvəlcə Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin informasiya və reklam sektorunun müdiri, daha sonra isə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri vəzifəsini yerinə yetirib. Selincer və Folknerin Azərbaycanda ən yaxşı tərcüməçilərindən hesab olunan Tehran Vəliyev 2015-ci il fevralın 18-də dünyasını dəyişib.

 

5. ŞAMİL FƏRZƏLİYEV (1934-1986)

       

Əməkdar jurnalist, ictimai xadim, yazıçı-publisist və dramaturq Şamil Xurşud oğlu Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlayıb. Ali təhsilini başa vurduqdan sonra ikiillik təhsil üçün Moskvanın İctimai Elmlər Akademiyasına göndərilib. Bir müddət Azərbaycan KP MK aparatında təlimatçı, 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru, 1980-ci ildən 1986-cı ilə kimi "Kirpi" satirik jurnalının baş redaktoru vəzifələrində çalışıb. Ötən əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlayıb, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görüb. Müxtəlif illərdə yazdığı səhnə əsərləri Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında, İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub. 1986-cı ilin aprelin 24-də Tbilisi şəhərində vəfat edib.

 

 

6. EMİL MƏLİKOV (1971-1990)

     

Şəhid Emil Amən oğlu Məlikov 1971-ci il fevralın bu günü Bakı şəhərində doğulub. 1988-ci ildə məktəbi bitirdikdən sonra Minsk Ali Ümumqoşun Siyasi Məktəbinə daxil olub. 1990-cı il 20 yanvar hadisəsi zamanı vicdan əzabı çəkdiyi üçün təhsilini yarımçıq qoyub, vətənə qayıdıb və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-hüquq fakültəsinə daxil olub. Könüllü olaraq Daxili Qoşunlarda hərbi xidmətə qəbul edilib, Lənkəranda yerləşən hərbi hissəyə göndərilib. Orada Vətən qarşısında nümunəvi xidmətə görə leytenant rütbəsinə layiq görülüb. Emil Məlikov 1991-ci il fevralın 5-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Prezidentinin 9 mart 2007-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

 

7. ELÇİN MƏMMƏDOV (1946-2001)

   

Əməkdar incəsənət xadimi, rəssam, aktyor Elçin Mehdi oğlu Məmmədovun xatirə günüdür. O, 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskaya kimi sənətkarların ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olub. İlk dəfə uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelskdə 100-dən çox tamaşada rəssamlıq edib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. "Yeddi oğul istərəm" (Mirpaşa), "Dədə Qorqud" (Qaraca çoban), "Dantenin yubileyi" (Səyavuş) və s. filmlərdə çəkilən Elçin Məmmədov 2001-ci ildə vəfat edib.

 

8. ƏZİZAĞA QASIMOV (1928-1985)

 

Bu gün Azərbaycanın əməkdar artisti, aktyor Əzizağa (Ağababa) Qasım oğlu Qasımovun anım günüdür. O, 1 iyun 1928-ci ildə Bakıda anadan olub. 1946-cı ildə Bakı Teatr Məktəbinə daxil olub, eyni zamanda Bakı Sənaye-Pedaqoji Texnikumunu bitirib. Tələbə olarkən Akademik Teatrın yardımçı heyətində, bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib. Teatrın aktyor truppasına solist dəvət olunub və ömrünün sonuna kimi bu kollektivdə çalışıb. Teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib, “Azərbaycanfilm”in istehsalı olan "Ulduz" (Əliş), "Musiqi müəllimi" (Coğrafiya müəllimi), "Qaraca qız" (Bəy) ekran əsərlərində kiçik rollara çəkilib. Əzizağa Qasımov 1985-ci ildə Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR