Dünyanın bu günü - 22.02.2020

# 00:00
22 fevral 2020

Qarabağda ilk şəhidlər (1988)

22 fevral 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlanan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan ilk şəhidlərini verib. Fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar qeyri-legitim iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib. Fevralın 22-də səhər saatlarında Ağdamın mərkəzində toplaşdı silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət edib. Lakin azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Ağdam rayonundan olan 1959-cu il təvəllüdlü Bəxtiyar Quliyev və 1966-cı il təvəllüdlü Əli Hacıyev ermənilər tərəfindən qətlə yetirilib. Onlar Qarabağın ilk şəhidləri sayılır.

SÜLEYMAN ƏLƏSGƏROV (1924-2000)

Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. O, 1948-ci ildə Konservatoriyanı bitirib. Respublika Radio Verilişləri Komitəsində Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri, Kinematoqrafiya Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri, Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru, Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi, Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri və professor vəzifələrində çalışıb. Yaradıcılığında operetta janrı əsas yer tutub. Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də Bakıda dünyasını dəyişib.

FEYZULLA QASIMZADƏ (1898-1976)

Azərbaycanın əməkdar elm xadimi və əməkdar müəllimi, filologiya elmləri doktoru, professor, akademik Feyzulla Səməd oğlu Qasımzadə 1898-ci ilin bu günü Bakının Mərdəkan kəndində anadan olub. Uzun müddət Bakı Dövlət Universitetində tarix kafedrasının və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub. 600-dək elmi məqalənin, onlarla dərslik və monoqrafiyaların müəllifidir. Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Qafqazın müdafiəsinə görə” və “Böyük Vətən müharibəsində əmək igidliyinə görə” medalları ilə təltif edilib. Feyzulla Qasımzadə 1976-cı ilin 29 martında vəfat edib və Mərdəkanda dəfn olunub.

FAİQ RƏFİYEV (1955-1992)

Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyev 22 fevral 1955-ci ildə Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycan DİN-ə müraciət edib və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilib. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. Koçbəy kəndini düşməndən təmizləmək üçün plan hazırlayıb. 10 yanvar 1992-ci ildə baş tutan hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkilib. Bu zaman Faiq ürəyindən aldığı güllə yarasından dünyasını dəyişib. Azərbaycan Prezidentinin 2 oktyabr 1992-ci il tarixli fərmanı ilə Faiq Rəfiyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

RÖVŞƏN HÜSEYNOV (1967-1992)

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Şəmil oğlu Hüseynov 1967-ci ilin bu günü Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Mədəniyyət Evində işləyib və Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 28 aprel 1992-ci ildə erməni işğalçıları Ağcakənd istiqamətində hücuma keçən zaman Rövşənin taqımı ermənilərin onlarla canlı qüvvəsini məhv edib. 1992-ci il mayın 11-də Şıxarx uğrunda qanlı döyüşlərdə Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşdüyünə görə tələbə taqımı onları xilas etmək əmrini alıb. Rövşənin başçılıq etdiyi taqım döyüşə atılıb, mühasirəyə düşən 27 döyüşçünü azad edə bilsə də, bu dəfə özləri mühasirəyə düşüb. Belə bir şəraitdə Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verib. Burada tələbələrdən ikisi həlak olsa da, digərləri mühasirədən çıxa biliblər. Pulemyotu ilə düşmənin xeyli hissəsini məhv edən Rövşən Hüseynov döyüş meydanında qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 16 noyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

TAHİR HƏSƏNOV (1970-1992)

Azərbaycanın Milli Qəhrəmanı Tahir Tofiq oğlu Həsənov 22 fevral 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirib. 1988-90-cı illərdə hərbi xidmət keçdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Ermənilər Azərbaycan torpaqlarına hücumları başladığı zaman ikinci kursda təhsilini yarıda qoyaraq, vətənin müdafiəsinə qalxıb və kəşfiyyat qrupuna komandir təyin edilib. Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşub. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindən dönərkən ermənilərə əsir düşməmək üçün son anda özünü qumbara ilə partladaraq erməni quldurlarını məhv edib. 29 sentyabr 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə Tahir Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR