Dünyanın bu günü - 22.02.2021

# 00:01
22 fevral 2021

QARABAĞDA İLK ŞƏHİDLƏR

(1988)

 

22 fevral 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlanan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan ilk şəhidlərini verib. Fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar qeyri-legitim iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib. Fevralın 22-də səhər saatlarında Ağdamın mərkəzində toplaşdı silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət edib. Lakin azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Ağdam rayonundan olan 1959-cu il təvəllüdlü Bəxtiyar Quliyev və 1966-cı il təvəllüdlü Əli Hacıyev ermənilər tərəfindən qətlə yetirilib. Onlar Qarabağın ilk şəhidləri sayılır.

 

 

CORC VAŞİNQTON

(1732-1799)

 

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton 1732-ci il fevralın 22-də Virciniya ştatında anadan olub. 11 yaşında atasını itirib. Əmək fəaliyyətinə yerölçən kimi başlayıb. 1753-1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik edib, 1759-1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olub. Amerika ştatlarının İstiqlaliyyət müharibəsinə rəhbərlik edib. 1789-cu il fevralın 4-də keçirilən prezident seçkilərində ABŞ-ın ilk prezidenti seçilib. ABŞ tarixində yeganə prezidentdir ki, seçicilərin 100 faiz səsini qazanıb. Hələ sağ ikən amerikalılar tərəfindən “Amerikanın atası” adına layiq görülüb. Corc Vaşinqton 14 dekabr 1799-cu ildə Maunt-Vernondakı malikanəsində vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

 

FEYZULLA QASIMZADƏ

(1898-1976)

 

Azərbaycanın əməkdar elm xadimi və əməkdar müəllimi, filologiya elmləri doktoru, professor, akademik Feyzulla Səməd oğlu Qasımzadə 1898-ci ilin bu günü Bakının Mərdəkan kəndində anadan olub. Uzun müddət Bakı Dövlət Universitetində tarix kafedrasının və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub. 600-dək elmi məqalənin, onlarla dərslik və monoqrafiyaların müəllifidir. Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Qafqazın müdafiəsinə görə” və “Böyük Vətən müharibəsində əmək igidliyinə görə” medalları ilə təltif edilib. Feyzulla Qasımzadə 1976-cı ilin 29 martında vəfat edib və Mərdəkanda dəfn olunub.

 

 

MİRƏLİ AXUNDOV

(1902-1992)

 

Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Mirəli Abdulla oğlu Axundov 1902-ci il fevralın 22-də Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin ilk məzunlarındandır. Elmi-pedaqoji fəaliyyəti də bu universitetlə bağlı olub. 1937-ci ildə respublikamızda ilk dəfə olaraq genetika kafedrasını təşkil edib və ömrünün sonunadək həmin kafedraya rəhbərlik edib. Onun təşəbbüsü ilə təkamül təlimi tədris muzeyi yaradılıb. Mirəli Axundov 1992-ci ildə Bakıda vəfat edib.

 

 

SÜLEYMAN ƏLƏSGƏROV

(1924-2000)

 

Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Konservatoriyanı bitirib. Respublika Radio Verilişləri Komitəsində Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri, Kinematoqrafiya Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri, Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru, Mədəniyyət Nazirliyi İncəsənət İşləri İdarəsinin rəisi, Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri və professor vəzifələrində çalışıb. Yaradıcılığında operetta janrı əsas yer tutub. Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də Bakıda dünyasını dəyişib.

 

 

AĞABƏY SULTANOV

(1936-2007)

 

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Ağabəy (Hacıağa) Haşım oğlu Sultanov 1936-cı ilin bu günü Bakı şəhərində anadan olub. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. Əmək fəaliyyətinə 1960-cı ildə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləyib, 1990-cı ildən isə kafedranın müdiri olub. Psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. “Şöhrət” ordeni ilə təltif olunan Ağabəy Sultanov 2007-ci il iyunun 12-də Bakıda vəfat edib.

 

 

FAİQ RƏFİYEV

(1955-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-1975-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Ordudan tərxis olunaraq Plistesk rayonunda milis vəzifəsində çalışıb. 1984-cü ildə Sankt-Peterburq şəhərində Ali Hərbi Milis Məktəbini bitirərək leytenant rütbəsi alıb və sahə müvəkkili kimi fəaliyyətə başlayıb. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycan DİN-ə müraciət edib və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilib. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. Koçbəy kəndini düşməndən təmizləmək üçün plan hazırlayıb. 10 yanvar 1992-ci ildə baş tutan hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkilib, Faiq Rəfiyev isə ürəyindən aldığı güllə yarası nəticəsində şəhid olub. Azərbaycan Prezidentinin 2 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

RÖVŞƏN HÜSEYNOV

(1967-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Şəmil oğlu Hüseynov 1967-ci ilin bu günü Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Mədəniyyət Evində işləyib və Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə Rövşənin başçılığı ilə 20 tələbə universitetdə təhsillərini yarımçıq qoyaraq, iki ay hərbi hazırlıq keçdikdən sonra Goranboya yola düşüb. 11 may 1992-ci il tarixdə Marquşevan uğrunda gedən qanlı döyüşlərdə Rövşənin taqımı mühasirəyə düşən Mingəçevir alayının 27 əsgərini xilas edib, lakin özləri mühasirəyə düşüb. Tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verən Rövşən atəşi öz üzərinə çəkərək pulemyotu ilə ermənilərin xeyli canlı qüvvəsini məhv edib, özü isə qəhrəmancasına şəhid olub. Burada tələbələrdən ikisi həlak olsa da, digərləri mühasirədən çıxa biliblər. Azərbaycan Prezidentinin 16 noyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

TAHİR HƏSƏNOV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Tahir Tofiq oğlu Həsənov 22 fevral 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Nəsimi rayonundakı 23 saylı orta məktəbi bitirib. 1988-90-cı illərdə hərbi xidmət keçdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Ermənilərin Azərbaycan torpaqlarına hücumları başladığı üçün ikinci kursda təhsilini yarıda qoyaraq, vətənin müdafiəsinə qalxıb və kəşfiyyat qrupuna komandir təyin edilib. Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşub. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindən dönərkən ermənilərə əsir düşməmək üçün son anda özünü qumbara ilə partladaraq, erməni quldurlarını məhv edib. 29 sentyabr 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə Tahir Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.

 

 

ŞƏHRİYAR MƏMMƏDOV

(1999-2020)

 

Şəhid Şəhriyar Müzəffər oğlu Məmmədov 1999-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Şəhriyar Məmmədov oktyabrın 11-də Xocavənd döyüşləri zamanı şəhid olub və Naxçıvan şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

XƏYYAM DAŞDƏMİROV

(2002-2020)

 

Şəhid Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci ilin bu günü İsmayıllı rayonunun Balik kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub və doğulduğu İsmayıllı rayonunda dəfn edilib.

 

 

ÇİNGİZ MEHDİYEV

(1932-1992)

 

Azərbaycanın əməkdar artisti, nağara ifaçısı Çingiz Mehdiyevin anım günüdür. O, 1932-ci ildə Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyevlə Zəkiyyə Mehdiyevin ailəsində dünyaya gəlib. Bakı Musiqi Məktəbinin violonçel sinfində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Maestro Niyazi ilə bir orkestrdə çıxış edib, uzun illər Filarmoniyanın solisti olub. İlk dəfə “Tərəkəmə”ni, “Çəngi”ni, “Vağzalı”nı, “Yallı”nı bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritminə uyğunlaşdırıb. Qobustan qoruğunda qaval daşları üzərində ifası ilə daha da populyarlaşıb. Televiziyanın qızıl fondunda “Ekspress”, “Dünya xalqlarının ritmləri”, “Azərbaycan ritmləri” qorunub saxlanılır. Çingiz Mehdiyev 1992-ci il fevralın 22-də Bakıda vəfat edib.

 

 

XANOĞLAN XƏLİLOV

(1997-2017)

 

Şəhid Xanoğlan İntizam oğlu Xəlilovun xatirə günüdür. O, 1997-ci ildə Şəmkir rayonunun Şeidlər kəndində anadan olub. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb.  2017-ci il fevralın 22-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı ilə təltif olunub

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR